Azərbaycanda yeni xalça emalatxanaları tikilir FOTO


Digərləri 20 Apr 2018 16:45:00 231 0

Azərbaycanda yeni xalça emalatxanaları tikilir  FOTO

Bu il Bakıda, Naxçıvanda, Abşeronda, Lənkəranda, Biləsuvarda, Kürdəmirdə, Qobustanda, Şabranda, Tərtərdə və Goranboyda xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, hər bir xalça emalatxanasında il ərzində, təqribən, 700 kvadratmetr xalça toxunması nəzərdə tutulub.

Respublikada xalça istehsalının xammal bazasının təşkili məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar inşa olunur. Məntəqələrə gətirilən 1500 ton yun Sumqayıt şəhərində tikilən Əyrici-Boyaq Fabrikində emal ediləcək. 750 ton kirli yundan "Azərxalça" ASC-nin 30 rayonda yaradılacaq filiallarında xalça toxunmaq üçün 250 ton yun iplik hazırlanacaq. Qalan 750 ton kirli yundan isə təmiz yun emal edilərək respublikadaxili və xarici bazarlara çıxarılacaqdır.

Tədarük məntəqələri regional xarakter daşıyır. Onlar əsasən yaxın və ətraf rayonları əhatə edir. Bərdədə inşası aparılan yun və boyaq bitkilərinin tədarükü məntəqəsi Ağdam, Füzuli, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarına və Yevlax şəhərinə xidmət göstərəcək. Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının və Şəki şəhərinin sakinləri istehsal etdikləri yunu Qobustanda fəaliyyət göstərəcək tədarük məntəqəsinə verəcəklər. Sabirabaddakı məntəqə Hacıqabul, Saatlı, Salyan, Kürdəmir, Ucar, İmişli, Lerik, Yardımlı, Biləsuvar, Neftçala rayonlarını və Lənkəran şəhərini əhatə edəcək. Şabran regional tədarük məntəqəsinin imkanlarından Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının sakinləri bəhrələnəcəklər. Naxçıvan şəhərində yaradılan məntəqə isə muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.


Xəbərə aid fotolar