Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi


Digərləri 20 Apr 2018 12:20:00 226 0

Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi

Bakı Şəhər Kartinq Mərkəzinin xidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana biləcəklər.

Bakı. Elçin Mehdiyev - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Su İdmanı Sarayının ərazisində yaradılmış Bakı Şəhər Kartinq Mərkəzinin xidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana biləcəklər. BŞH-dan Trend-ə verilən məlumata görə, kartinq mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanda avtoidman mədəniyyətini inkişaf etdirmək, ictimaiyyət arasında idmanın bu növünə maraq artırmaq və gələcək Formula 1 yarışları üçün yerli kadrlar hazırlamaqdır. Bakı Şəhər Kartinq Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Elnarə Əliyeva kartinq mərkəzinin ölkəmizdə avtoidman mədəniyyətinin möhkəmlənməsində əvəzsiz xidmət göstərəcəyini bildirib: “Artıq 3 ildir ki, ölkəmizdə avtoidmanın ən prestijli yarışı olan Formula 1 Qran Prisi keçirilir. Bu yarışlar sayəsində ölkə ictimaiyyəti, xüsusən də gənclər arasında avtoidmana böyük maraq yaranıb. Biz bu kartinq mərkəzini ərsəyə gətirməklə ona nail olmağa çalışırıq ki, avtoidmana marağı olan gənclərimiz bu imkanlardan yararlanaraq Formula 1-də yarışan pilotlar səviyyəsində özlərini yetişdirə bilsinlər. İnanırıq ki, çox yaxın gələcəkdə bu mərkəz ölkəmizə beynəlxalq avtoidman yarışlarında mübarizə aparan peşəkar pilotlar qazandıracaq”.