Amaliya Pənahovanın üzü və içimizdəki şeytan


Digərləri 20 Apr 2018 12:07:00 287 0

Amaliya Pənahovanın üzü və içimizdəki şeytan

Bir az sevgi, bir az anlayış, bir az insaf, bir az vicdan, bir az hörmət, bir az... bir az... bir az...

Mənim düşüncəmə görə, bir insan etdiyi hərəkətlə bəşər və bəşəriyyətə ziyan vurmursa, heç kimin yolunda maneəyə çevrilmirsə, istədiyini etməkdə azaddır. Bu, onun həyatıdır, necə yaşamaq istəyi və məsuliyyəti də özünə aiddir.

Bəs belədirsə, biz niyə hökmən insanların seçimlərinə müdaxilə etmək, seçimlərinin nəticələrini məsxərəyə qoymaq məcburiyyəti hiss edirik özümüzdə?

Yəqin ki, siz də gördünüz, dünən hər kəs bir-birinin bəhsinə düşüb aktrisa Amaliya Pənahovanın bu günlərdə baş tutan tədbirlərin birində çəkilmiş fotosunu paylaşıb, o ki var lağa qoydular. Tutaq ki, o, estetik əməliyyat etdirib və bu da uğursuz olub. Burda müzakirəyə çıxarılmalı, lağa qoyulmalı nə var? Hə, o başqa mövzudur ki, burda həkim uğursuzluğu var və bunu tənqid etmək olar. Ki, əlinin altındakı insanın, özü də daim göz önündə olan aktrisanın, həm də kimdəsə daim qüsur axtaran bir toplumun aktrisasının üzünə belə laqeyd, məsuliyyətsiz yanaşıb.

Amaliya xanım sevdiyim aktrisalar sırasında olmasa belə, gözəl xanım olub, bunu dana bilmərəm. Amma onun indi 73 yaşı var, insan ömrünün sonuna kimi gözəl qala bilməz, yaş üstünə gələn yaş da vəfasızdır. Və bu xanım daim güzgüdə özünü gözəl görübsə, onu səhnənin gözəl aktrisası kimi qiymətləndiriblərsə, o, yenə bu gözəlliyi arzulayıb, ona qovuşmaq istəyib. Ola bilməz ki? Bundan təbii nə var ki? Nəticə artıq ondan asılı olan bir şey deyil. Mən bu nəticəyə bir insan, bir qadın kimi ancaq və ancaq heyifislənə, üzülə bilərəm. Vəssalam.