Azərbaycanın 20 sığortaçısının məcmu aktivləri 900 mln. manata yaxındır - İCMAL


İqtisadiyyat 20 Apr 2018 11:11:00 258 0

Azərbaycanın 20 sığortaçısının məcmu aktivləri 900 mln. manata yaxındır - İCMAL

Bu göstərici ötən il demək olar ki, dəyişməyib

“Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 895,383 mln. manat təşkil edib.

“Report”un məlumatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə (ləğvetmə prosesində olan şirkətlər nəzərə alınmadan) 0,3% çoxdur.

Sığortaçılardan 5-i aktivlərini artırıb, 15-i isə azaldıb.

Hesabat ilində sığorta şirkətlərin cəmi uzunmüddətli aktivləri 54% artaraq 166,871 mln. manat, cəmi qısamüddətli aktivləri isə 7,1% azalaraq 728,512 mln. manat olub. 14 şirkət uzunmüddətli aktivlərini, 5 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.

Hesabat dövründə sığortaçıların cəmi öhdəlikləri 4% artaraq 468,299 mln. manat təşkil edib. Sığortaçılardan 6-da öhdəliklər artıb, 14-də isə azalıb. O cümlədən, şirkətlərin uzunmüddətli öhdəlikləri 1,2% artaraq 438,539 mln. manat, qısamüddətli öhdəlikləri isə 77,3% artaraq 29,76 mln. manat olub. 6 şirkət uzunmüddətli öhdəliklərini, 13 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin cəmi kapitalı 3,5% azalaraq 427,083 mln. manata düşüb, nizamnamə kapitalı isə 2,3% artaraq 320,622 mln. manata çatıb. Bazar iştirakçılarından 9-u cəmi kapitalını, 2-ü isə (“A-Qroup Sığorta” və “Xalq Sığorta” ASC-lər) nizamnamə kapitalını artıra bilib.