Nazir müavini: Əhalinin 63 faizi əmək qabiliyyətlidir


Digərləri 20 Apr 2018 10:19:07 194 0

Nazir müavini: Əhalinin 63 faizi əmək qabiliyyətlidir

Hər il orta hesabla 80-100 min gənc əmək bazarına daxil olur.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) missiyası ilə görüş olub. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, görüş AİB-in respublikamızda inklüziv və dayanıqlı inkişafla bağlı ölkə üzrə diaqnostik tədqiqatının ilkin nəticələrinin müzakirəsi məqsədi daşıyıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkədə dinamik iqtisadi inkişafa şərait yaratmaqla, eyni zamanda, inkişaf proseslərinin inklüziv əsaslar üzərində həyata keçirilməsini təmin etdiyini vurğulayıb. Nazir müavini diqqətə çatdırıb ki, Dünya İqtisadi Forumunun “İnklüziv İnkişaf İndeksi 2018”də Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasında ilk üçlükdə, MDB məkanında isə birinci yerdə qərarlaşması bu sahədə respubikamızın uğurlarına beynəlxalq səviyyədə də yüksək qiymət verildiyini göstərir. Bu gün respublikamızın perspektiv inkişaf hədəfləri də məhz inklüziv inkişafa əsaslanır və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndə də bu amil aydın şəkildə əksini tapıb. Ölkəmizdə əmək bazarı, məşğulluq sahəsində də inklüzivliyin, bərabər imkanların təmin edildiyini bildirən İ.İsayev əmək ehtiyatlarından səmərəli istifadə olunmasının, məşğulluq səviyyəsinin artırılmasının, layiqli iş yerlərinin yaradılması yolu ilə inklüziv inkişafa nail olunmasının Azərbaycanın ümumi inkişafının əsas prioritetlərindən olduğunu qeyd edib. O bildirib ki, qeyri-neft sektorunun, o cümlədən regionların, kənd təsərrüfatının inkişafının, sahibkarlığın genişlənməsinin stimullaşdırılması üçün kompleks tədbirlər yeni iş yerlərinin açılmasının daimi xarakter alması, əmək resurslarının səmərəli məşğulluq imkanlarının artırılması ilə müşahidə olunur. Əmək qabiliyyətli yaşda olan əhalinin ümumi əhalinin 63 faizini təşkil etdiyi, hər il orta hesabla 80-100 min gəncin əmək bazarına daxil olduğu ölkədə işsizliyin aşağı səviyyədə saxlanılması və əmək bazarında sabitliyin davam etməsi də aparılan fəal məşğulluq siyasətinin nəticəsidir.