DİM bakalavrlara müraciət etdi


Digərləri 20 Apr 2018 10:00:00 193 0

DİM bakalavrlara müraciət etdi

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

DİM-dən Son.az-a verilən məlumata görə, həmin bakalavrlar 2018-ci il aprelin 30 dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və 2018-ci il mayın 7-dən 11-dək qabiliyyət imtahanı verməlidirlər.

Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və "məqbul" qiymət alan bakalavrlar seçə bilərlər.

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər 2018-ci il aprelin 20-dən 30-dək DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2018-ci il mayın 4-dən 6-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2018-ci il mayın 7-dən 11-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağıdakı sənədləri mütləq gətirməlidirlər: - şəxsiyyətini təsdiq edən sənədi; - "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni; - dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda); - təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Qeyd: Yuxarıda sadalanan sənədlərdən hər hansı birini gətirməyən bakalavrlar qabiliyyət imtahanına buraxılmırlar.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Mətbuat materialının təhlili yazılı formada yerinə yetirilir.

Hər bir biletin quruluşu təxminən aşağıdakı kimidir: 1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi; 2. Şifahi müsahibə; 3. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə etməsi.