Beynəlxalq Muğam Mərkəzində “Alı xan və Pəri xanım” dastanı (FOTO)


Digərləri 19 Apr 2018 22:09:00 312 0

Beynəlxalq Muğam Mərkəzində “Alı xan və Pəri xanım” dastanı (FOTO)

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihənin ilk konserti - “Alı xan və Pəri xanım” dastanı tamaşaçılara təqdim olunub.

Bakı. Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihənin ilk konserti - “Alı xan və Pəri xanım” dastanı tamaşaçılara təqdim olunub. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Tədbirdə qeyd olunub ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik unikal hadisəsidir. Bu sənət tarixi inkişafında müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Qeyd edilib ki, dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir. Layihə çərçivəsində dekabrın 25-dək müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında 7 dastan sənətsevərlərə təqdim olunacaq. Daha sonra Aşıq Qələndər Zeynalovun ifasında “Alı xan və Pəri xanım” dastanı təqdim olunub. Aşığı balabanda Əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli müşayiət edib.