Bu ölkənin tarixində 60 illik dövr bu gün başa çatdı


Digərləri 19 Apr 2018 21:51:00 256 0

Bu ölkənin tarixində 60 illik dövr bu gün başa çatdı

Kubanın yeni lideri Migel Dias-Kanel 1960-cı ildə Kuba inqilabının qələbəsindən sonra anadan olub

Kubanın Milli Assambleyası bu gün Migel Dias-Kaneli Dövlət Şurasının sədri (ali dövlət postu) vəzifəsinə seçib. O, bu vəzifədə 86 yaşlı Raul Kastronu əvəz edəcək. Raul Kastro 2006-cı ildən Kubanı idarə edirdi.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Raulun gedişi ilə Kastro ailəsinin Kubadakı 59 illik hakimiyyətinə son qoyulur. Bu ailə Kubaya 1959-cu il yanvarın 1-dən, inqilabın qələbə qazanması ilə rəhbərlik edirdi.

Raul Kastro 2006-cı ildə dövlət başçısı vəzifəsini icra etməyə başlayıb. Həmin dövrdə onun qardaşı Fidel Kastro formal olaraq ölkənin lideri idi. 2008-ci ildə Raul Kastro 97,7% səslə Dövlət Şurasının sədri seçilib. 2013-cü ildə onu yenidən bu posta seçiblər.

Raul Kastronun dövrü Kubada liberallaşma dövrü kimi yadda qalıb. Bu addımları atarkən o, Kubanı kapitalizmə doğru aparmadığını iddia edərək sosializmi gücləndirdiyini bildirirdi. Bu vaxt ərzində "Azadlıq adası"na çoxlu xarici sərmayə cəlb olundu, yerli sahibkarlara çoxlu güzəştlər edildi və xüsusi mülkiyyətin dəstəklənməsi üçün ciddi addımlar atıldı.