"Prezidentin fərmanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımdır" FOTO


Digərləri 19 Apr 2018 19:30:00 478 0

"Prezidentin fərmanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımdır"  FOTO

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli Fərmanın imzalanması ölkəmizdə şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin dövlət başçısının uğurlu sosial siyasətində əsas istiqamətlərdən biri olduğunu təsdiq etməklə, bu sahədə getdikcə gücləndirilən məqsədyönlü tədbirlərin növbəti davamıdır".

Son.az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən Səlim Müslümov jurnalistlərə müsahibəsində vurğulayıb.

S.Müslümov bildirib ki, şəffaf və ədalətli şəkildə keçirilən Prezident seçkilərində 86,02 faiz səslə möhtəşəm qələbəyə nail olaraq yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən İlham Əliyevin andiçmə mərasimindən sonrakı gündə və ilk olaraq mühüm sosial müdafiə əhəmiyyəti daşıyan belə bir Fərman imzalaması növbəti 7 ildə də sosial inkişaf kursunun uğurla davam etdiriləcəyini əyani şəkildə sübut edir. Həmin mərasimdə çıxışı zamanı Prezidentin gələcək fəaliyyətində də Azərbaycan vətəndaşının maraqlarının, rifahının daim diqqət mərkəzində olacağını bəyan etməsi bir gün sonra bu Fərmanla bir daha gerçək təcəssümünü tapır.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlərin son 15 ildə yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdıran S.Müslümov şəhid ailələrinə, həmin döyüşlərdə əlil olmuş insanlara dövlət qayğısının daim artdığını, bu məqsədlə icra olunan proqramların daha da genişləndirildiyini qeyd edib: "Həmin təbəqələrə aid vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər ildən-ilə gücləndirilməklə, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6,1 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib, 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib. Onlara verilən imtiyaz və güzəştlərin miqyası da genişləndirilməklə, Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə 2007-ci ildən şəhid ailələrinin, 2008-ci ildən müharibə əlillərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təminatına başlanılıb. Ötən dövrdə bu təqaüdlərin, habelə, onlara ödənilən müavinətlərin, pensiyaların dəfələrlə artırılması təmin olunub".

S.Müslümov vurğulayıb ki, 19 aprel 2018-ci il tarixli Fərman isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasında daha bir əhəmiyyətli addım kimi ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb: "Məlum olduğu kimi, 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişləri ilə bağlı maliyyə təminatı məsələsi həll edilməklə, həmin sığorta ödənişlərinin verilməsi həyata keçirilib. Dövlət başçısının 19 aprel 2018-ci il tarixli Fərmanı isə həmin Qanun qüvvəyə mindiyi günədək, yəni 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur".

S.Müslümov bildirib ki, Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilməklə, üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək: "Birdəfəlik ödəmələr həmin ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiq olunmuş sənədləri (hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış) təqdim etmələri əsasında ödəniləcək. Həmçinin birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə veriləcək".


Xəbərə aid fotolar