"Ali Baş Komandan əmr verəcəyi halda, işğalçı ordu Silahlı Qüvvələrimizin qarşısında dura bilməyəcək"


Digərləri 19 Apr 2018 16:16:00 255 0

"Ali Baş Komandan əmr verəcəyi halda, işğalçı ordu Silahlı Qüvvələrimizin qarşısında dura bilməyəcək"

"Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə aparılıb. Silahlı Qüvvələrimiz üçün ən müasir silahlar alınıb və alınır".

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında ordu quruculuğu ilə bağlı fikirlərinə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ş. Ramaldanov bildirib ki, Azərbaycan ordusunun şanlı qələbəsi olan aprel döyüşlərində müasir silahların bir qismindən istifadə edilib və bu silahların tətbiqi qarşı tərəfdə böyük təşvişə səbəb olub: "Silahlı Qüvvələrimiz üçün alınan müasir silahlardan keçirilən hərbi təlimlərdə istifadə edilir və bununla bağlı videomateriallar təqdim olunur. Naxçıvanda keçirilən paradda da bu silahların bir qismi nümayiş etdirilib. Bu, düşməni müəyyən qorxu içərisində saxlayır. Ermənistan cəmiyyəti anlayır ki, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğalçılardan təmizlənməsi barədə əmr verəcəyi halda, işğalçı Ermənistan ordusu Silahlı Qüvvələrimizin qarşısında dura bilməyəcək".

Hərbi ekspert Azərbaycan Silahlı Qüvvələrin qüdrətinin ölkənin iqtisadi potensialı, inkişafı, kadr təminatı və vətənpərvərlik ruhu ilə bağlı olduğunu qeyd edib: "Bu gün Azərbycan Silahlı Qüvvələri böyük və peşəkar kadr potensialına malikdir. Naxçıvanski adına hərbi liseyi, Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Hərbi Akademiyası bu kadr potensialını formalaşdırır. Hərbi məktəblərdə müasir tədris proqramlarından istifadə edilir. Azərbaycan Silahlı Qüvvələri böyük - 25 min şəxsi heyət və çoxsaylı hərbi texnikanın iştirakı ilə hərbi təlimlər keçirir. Bu, işğalçı dövləti qorxuya salır və beynəlxalq təşkilatlara müraciət etməyə vadar edir".