Romada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib (FOTO)


Digərləri 19 Apr 2018 16:12:00 195 0

Romada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib (FOTO)

Azərbaycan Dillər Universiteti “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Bakı. Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. ADU-dan Trend-ə verilən məlumata görə, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi" mövzusunda konfransın bölmə iclasları keçirilib. Aprelin 18-də İtaliyanın Cənubi Latsio Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda bölmə iclası keçirilib. Tədbirdə İtaliya, Fransa, Moldova və Litvanın müxtəlif universitetlərinin və elmi-akademik dairələrinin nümayəndələri, müəllim və tələbə heyəti iştirak ediblər.