Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək


Digərləri 19 Apr 2018 15:20:00 209 0

Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprel ayının 22-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək. DİM-dən Trend-ə verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ümumilikdə 17 imtahan mərkəzində aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır. Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.