ABŞ-dan poçtla göndərilən bağlamada narkotik vasitə və psixotrop maddə aşkarlanıb (FOTO/VİDEO)


Digərləri 19 Apr 2018 14:46:00 183 0

ABŞ-dan poçtla göndərilən bağlamada narkotik vasitə və psixotrop maddə aşkarlanıb (FOTO/VİDEO)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bak. Samir Əli - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. DGK Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, gömrük əməkdaşlarının nəzarətində olan marşrut üzrə Amerika Birləşmiş Ştatlarından Azərbaycan Respublikasına - Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Amerika vətəndaşı Heather Christine Ulrichin adına invoysda “yuyucu vasitə, əl sabunu, açar qabı, şirniyyat” göstərilən poçt bağlaması daxil olub. Həmin poçt bağlamasına Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib. Gömrük nəzarəti zamanı, xidməti it reaksiya verdiyi üçün bağlama saxlanılıb və yükün sahibi hava limanına dəvət olunub. Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sözügedən şəxsin iştirakı ilə bağlama təkrar yoxlanılıb. Nəticədə, bağlamanın içində invoysda göstərilən mallardan əlavə Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilən həblər aşkar edilib. Bunlar - üzərində “Oxycodone-Acetaminophen 10-325” sözləri yazılmış plastik qabda 270 ədəd, üzərində “Hydrocodone-Acetaminophen 7.5-325” sözləri yazılmış plastik qabda 180 ədəd, üzərində “Methylphenidate ER 54 mg tab” sözləri yazılmış plastik qabda 90 ədəd və üzərində “Pjmasks Tangy Candy” sözləri yazılmış iki ədəd polietilen paketdə 10 ədəd həb olub.