Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatının verilməsinə başlanılıb


İqtisadiyyat 19 Apr 2018 11:24:07 263 0

Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatının verilməsinə başlanılıb

Bu, beynəlxalq ticarətdə nisbətən yeni tətbiq olunan nəzarət tənzimləmə mexanizmidir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azexport portalı vasitəsilə Sərbəst Satış Sertifikatı təqdim olunub.

"Report" xəbər verir ki, portalın rəhbəri Zaur Qardaşov Sərbəst Satış Sertifikatı beynəlxalq ticarətdə nisbətən yeni tətbiq olunan nəzarət tənzimləmə mexanizmi olduğunu bildirib.

“Sertifikat bir çox ölkələrdə icbari xarakter daşıyır və insan orqanizmi ilə təmasda olan qida, kosmetika, tekstil, tibbi cihazlar, gigiyenik vasitələr və s. məhsulların dövriyyəsində təhlükəsizliyin təmin edilməsi üçün tətbiq edilir", - o deyib.

Azexport portalının fəaliyyəti çərçivəsində müəyyən olunub ki, Azərbaycan məhsullarının bir çox ölkələrə ixracı üçün Sərbəst Satış Sertifikatının (“Free sales certificate”) olması zəruridir. Portal bu istiqamətdə bir sıra araşdırmalar aparıb və təkliflər verib.

Sertifikatın verilməsi üçün bir sıra sənədlər tələb edilir. Bunlar şirkətin qeydiyyat şəhadətnaməsi, sərbəst satış sertifikatı tələb olunan malların siyahısı, keyfiyyət sertifikatı, malların uyğunluq sertifikatı, qanunla nəzərdə tutulduğu halda malların istehsalı üçün lisenziya, əgər varsa beynəlxalq eyniləşdirmə nömrəsi - barkod və ölkə ərazisində malların satışının təsdiqidir (2-3 müştəriyə, faktura, çek və yaxud vergi hesab-faktura).

Sertifikatı verən orqan bu və yaxud digər məhsulun ölkə daxilində sərbəst dövriyyədə (satışda) olduğunu həmin sertifikatla təsdiqləyir. Təsdiqləmə üçün məhsula ölkə daxilində müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və s.) və məhsulun hazırda bir neçə ticarət şəbəkəsində satışda olmasını təsdiq edən sənədlərin olması kifayət edir. Sertifikatın verilməsi üçün əlavə heç bir laboratoriya testləri tələb olunmur.

Z.Qardaşovun sözlərinə görə, sertifikatın mahiyyəti həm də ondan ibarətdir ki, hökumət ölkədə sertifikatı verən rəsmi orqanı müəyyən edir. Azərbaycanda bu rəsmi orqan prezident sərəncamına uyğun olaraq, İİTKM-dir.

Azərbaycan, MDB məkanında bu tip sertifikatı təqdim edən 3-cü ölkədir. Sərbəst Satış Sertifikatının verilməsi Azərbaycan şirkətlərinə əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarlarını açıq edir. Bu gün sertifikatın təqdim edildiyi dörd şirkət - "Gazelli Group", "Apiaz MMC"(“Ballı” brendi ), "Aznar QSC", "Brightman MMC" (“Zıra” brendi) - bu sertifikat sayəsində öz məhsullarının ərəb ölkələri və ABŞ bazarına ixracını reallaşdırır.