Fariz Nəcəfov: "Xahiş edəcəm ki, finalın yerini dəyişsinlər"


İdman 19 Apr 2018 11:14:00 357 0

Fariz Nəcəfov: "Xahiş edəcəm ki, finalın yerini dəyişsinlər"

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın "Neftçi" ilə kubokun yarımfinal oyunundan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb...

Goal.az həmin müsahibəni təqdim edir:

- "Qəbələ" adını növbəti dəfə kubokun finalına yazdırdı. Komandanızın finala vəsiqə qazanmasını təmin edən qarşılaşma haqda nə deyə bilərsiniz?

- Gərgin oyun olacağını bilirdik, başqa cür ola bilməzdi. Komandanın oyunundan razı qaldım, uşaqlar sonadək mübarizə apardılar.

- Bu gün "Qəbələ" çempionatın ikinci yarısının ən yaxşı oyununu sərgilədi. Bu fikirlə razısınız?

- İlk oyunda komandanın üzərində çox böyük təzyiq var idi. Ola bilər ki, futbolçuları çox sıxmışdıq. Həm çempionatdakı uğursuzluqlar, həm də kuboku sonuncu şans olaraq dəyərləndirirdilər. Ona görə gərginlik vardı və ilk oyun istədiyimiz kimi alınmadı. Komanda bu oyuna yaxşı hazırlaşmışdı və istədiyini meydanda edə bildi.

- İlk oyundakı nəticədən sonra finala vəsiqə qazanmağa inamınız var idi?

- Proqnoz verməyi xoşlamıram. Amma rahat idim, bilirdim ki, komanda asan təslim olmayacaq.

- "Qəbələ" belə vacib oyunların komandasıdı. Amma çempionatda bunun əksini görürük. Bu, nə ilə bağlıdı?

- Komandada baş verənləri analiz edirik. Onu deyə bilərəm ki, ciddi problem yoxdu. Səhvlərimizi bilirik, çempionluq əldən getsə də, kuboku qazanmağa çalışacağıq.

- Deyilənlərə görə, futbolçular uzun müddətdi maaş almırlar. Bu məsələ doğrudu?

- Səhv məlumatdı, heç vaxt belə bir şey ola bilməz. Hər yerdə olduğu kimi, bizdə də bir neçə gün gecikmələr olur və bunu normal qarşılaşmaq lazımdı.

 

- Kubokun finalı Qəbələdə olacaq. Bunu sizin üçün əlavə üstünlük hesab etmək olar?

- Finalın Qəbələdə olmasını istəmirdim. Çünki finala çıxacağımıza əmin idik. Xahiş edəcəm ki, mümkündürsə, dəyişsinlər. Amma evdə oynamaq yaxşı olar.

 

- Bu qələbə "Qəbələ"nin çempionat oyunlarına müsbət mənada təsir edə bilərmi?

- Kubok başqa turnirdi. Ona görə də bunun çempionat oyunlarına təsir göstərəcəyinə inanmıram. Bu oyun başa çatdı, çempionat matçlarına hazırlaşacağıq.

- Komandanızın finaldakı rəqibi "Keşlə"dir. Rəqib haqda nə deyə bilərsiniz?

- "Keşlə"ni hamı tanıyır, yeni baş məşqçi komandanı bir araya gətirə bilib. İnşallah, güclü qalib gəlsin.

- Roman Qriqorçukun adı bir neçə klubla hallanır. O, gələn mövsüm "Qəbələ"də çalışacaq?

- Mövsümün sonunda qərar verəcəyik. Səmimi deyirəm ki, Qriqorçukun taleyi kubokdan asılı deyil. Qazanılmayan kuboka görə məşqçi dəyişmək niyyətində deyilik. Bu barədə yekun qərarı klubumuzun prezidenti verəcək.