Ermənistanda dövlət çevrilişinə cəhd baş verir


Siyasət 19 Apr 2018 07:00:00 256 0

Ermənistanda dövlət çevrilişinə cəhd baş verir

"Hazırda Ermənistanda dövlət çevrilişinə cəhd baş verir".

Bu barədə Son.az-a Ermənistanda baş verən son hadisələri və törədilən iğtişaşların səbəblərini şərh edən "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, Ermənistanda dövlət çevrilişinə cəhdin olması açıq-aşkar görünür:  "Ölkədə "Yelk" hərəkatının lideri Nikol Paşinyan özü deyib ki, biz məxməri inqilab etmək niyyətindəyik. Hətta bunu açıq formada, nümayişlərdə etiraf edirlər. Bunun əsas əlamətləri odur ki, etirazçılar, nümayişçilər əsas dövlət binalarını blokadaya alırlar. Aparıcı KİV-ləri, o cümlədən Ermənistanın dövlət radiosunu blokadaya alıb, hətta onları ələ keçirməyə çalışıblar".

Politoloq qeyd edib ki, Ermənistandakı hadisələr vaxtilə Ukraynada baş vermiş dövlət çevrilişi ssenarisini xatırladır: "Hadisələrin gedişi göstərir ki, Ermənistanda siyasi mübarizə vasitələri dəyişib. Belə ki, "Yelk" hərəkatı parlament müxalifət bloku sayılırdı, lakin artıq o, parlament mübarizə üsullarından əl çəkərək meydana çıxıb. Bu da bir neçə il əvvəl Ukraynada baş vermiş "Maydan hərəkatı"nı xatırladır. Bundan əlavə, Nikol Paşinyanın özü və rəhbərlik etdiyi siyasi qrup xarici ölkələrdəki erməni diasporu ilə sıx əlaqədədir. Bu da hadisələrin kökünün daha dərində olduğundan və mübarizənin hələ uzun müddət gərgin formada davam edəcəyindən xəbər verir". 

Qeyd edək ki, Ermənistandakı "Haykakan Jamanak" qəzetinin baş redaktoru, 42 yaşlı Nikol Paşinyanın lideri olduğu "Yelk" ("Çıxış") blokunun tərkibinə "Nurlu Ermənistan" (lideri Edmon Marukyan), "Vətəndaş Müqaviləsi" (Nikol Paşinyan) və "Respublika" (Aram Sarqsyan") partiyaları daxildir.

Onlar İrəvanda icazəsiz aksiyalara başlayaraq Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın bu dəfə baş nazir olmasına etiraz edirlər. Polislə ciddi qarşıdurmaların qeydə alındığı aksiyalar zamanı 50 nəfərə yaxın şəxs yaralanıb,100-dən çox aktivist saxlanılıb.

Oturan ermənidir: yanlar vana qarşı - baş verənlərin SƏBƏBləri Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan aprelin 17-də keçirilən parlamentin xüsusi iclasında baş nazir, yəni faktiki olaraq yenidən dövlət başçısı seçilib. İclasda iştirak edən 94 deputatdan 77-si onun lehinə, 17-si isə əleyhinə səs verib. Ermənistanın yeni konstitusiyasına görə, ölkə prezident idarəetmə üsulundan imtina edərək parlamentli respublikaya çevrilib. Baş nazir faktiki dövlət başçısı hesab edilir və icra hakimiyyətinin bütün səlahiyyətləri baş nazirə verilib. Baş nazir həm də məhdudiyyətsiz olaraq bir neçə dəfə seçilə bilər. Prezident isə sadəcə ölkənin nominal lideri hesab edilir və siyasi proseslərin gedişinə real təsir etmək iqtidarında deyil.

Sarqsyan yeni hökumətin tərkibini mayın əvvəllərində müəyyən edərək açıqlamalıdır.

İlkin İzzət