Qızıl bazarında əl yandıran qiymətlər


Digərləri 18 Apr 2018 23:45:00 266 0

Qızıl bazarında əl yandıran qiymətlər

Bu məmulatlar da paltar kimidir, gərək özünə yaraşanı seçə biləsən

Bu məmulatlar da paltar kimidir, gərək özünə yaraşanı seçə biləsən 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Çox az xanım tapmaq olar ki, qızıla maraq göstərməsin. Əgər kişilərin ürəyinə gedən yol mədədən keçirsə, əminliklə deyə bilərik ki, qadınların ürəyinə gedən yol bər-bəzəkdən, daş-qaşdan keçir. Bəziləri qızıl alarkən öz zövqünü oxşayır, digəri isə yatırım etməklə "qara günləri" düşünür. Çünki qızıl, istənilən vaxt satıb pula çevirə biləcəyimiz  ən dəyərli əşyalardan biridir. Ailə qurmağa hazırlaşan cütlüklərin də ən böyük mübahisəsi, söz-söhbəti məhz bu məsələdə düyünlənir. Bəzən iş hətta o yerə çatır ki, məsələ ailə münasibətlərinə də təsir edə bilir. Çünki bəzən kiminsə bahalı qızıl almağa imkanı çatmır və beləcə, araya söz-söhbət düşür. Elə bu günlərdə də qızılın qiymətinin qalxdığına dair söz-söhbət gəzir. Biz də hazırda qızıl bazarında qiymətlərin nə yerdə olduğunu öyrənmək üçün yolumuzu Mərkəzi Univermaqdan saldıq. İlkin ab-hava vəziyyətin əvvəlki durumda olmadığı təsirini bağışladı. Satıcıların əksəriyyəti bir fincan çayı qarşısına qoyub mobil telefonla qurdalanır. Bu durum qızıl bazarındakı durğunluqdan da işarə ola bilərdi. Müştəri qıtlığı diqqət çəkirdi. Tək-tük mağazalara müştərilər yaxınlaşır və qiymətlərlə maraqlandıqdan sonra başını bulayaraq uzaqlaşırdı. Onlardan biri də Reyhan xanımdır. Deyir ki, qiymətlər əl yandırır: "Oğluma toy etməyə hazırlaşıram. Gəldim ki, qiymətlərlə maraqlanım. Adi bir  nişan üzüyünə əl uzatdıq, qiyməti min manatdan bahadır. Hələ bunun boyunbağı dəsti var. Bilmirəm nə edəcəyəm".

Gülşən isə nişanlısı ilə gəlib. Deyir ki, büdcəsinə uyğun bir neçə üzüyü artıq gözaltı edib: "Bir neçəsini bəyənmişəm. Amma hələlik seçim etməmişəm. Qiymətlər baha olsa da, axtarıb münasib qiymətə tapmaq olur".

Alıcı olaraq bir neçə vitrinə yaxınlaşıb qiymətlərlə maraqlandıq. Əksər mağazalarda brilyant qaşlı nişan üzüklərinin qiyməti minimum 1000 manatdan başlayır. Düzdür, müəyyən mağazalarda bir qədər aşağı qiymətlərə rast gəlsək də, ümumilikdə üzüklərin qiymətləri 1000 manatdan başlayır və 8 minə qədər yüksəlir. Satıcıların sözlərinə görə, qızılların əksəriyyəti İtaliyadan və Türkiyədən gətirilir. Məsələn, satıcı Nigar xanım deyir ki, son günlərdə qiymətlərdə artım müşahidə olunur. Bir çox mağazalarda isə ümumiyyətlə, bütün məhsullar brilyant qaşlıdır. Təkcə qızıl olanların sayı çox azdır. Sadə qaşlı üzüklərin qiyməti isə  200 manatdan başlayır. Satıcı Zəminə xanımın  sözlərinə görə, hər modelin dizaynından və işlənməsindən asılı olaraq, qiymətlər də  müxtəlif ola bilər. Satıcının sözlərinə görə, gömrük haqları qaldırıldığından son günlər qızılın qiyməti xeyli artıb. Dünya bazarında qızılın dəyərinin artması da qiymətlərə təsirsiz ötüşmür.