Ermənistanın "zorakı demokratiyası": Sarkisyanın hakimiyyəti özündən özünə ötürməsi


Digərləri 18 Apr 2018 19:02:00 253 0

Ermənistanın "zorakı demokratiyası": Sarkisyanın hakimiyyəti özündən özünə ötürməsi

Bir qayda olaraq erməni siyasətçilər özlərinin demokratik ruhlu olmalarından dəm vururlar. Onlar bunun fonunda başqalarını ittiham etməkdən belə çəkinmirlər. Ancaq Ermənistanda baş verənlər real vəziyyətin tamamilə başqa cür olduğundan xəbər verir. Serj Sarkisyan ölkə konstitusiyasında apardığı "dəyişikliklərlə" faktiki olaraq hakimiyyəti özündən özünə ötürüb. İndiki əsas qanuna görə, Ermənistanda real hakimiyyət baş nazirin əlində olacaq. Bütövlükdə parlament idarəetmə üsuluna keçid baş verir. Bununla da S.Sarkisyanın tərk etdiyi prezident kürsüsünə yalnız rəsmi tədbirlərdə "toy generalı" kimi iştirak edən adam əyləşəcək. Bunları anlayan müxalifət etiraz aksiyaları keçirir. Bu prosesin necə sona çatacağı məlum deyil. Ancaq aydındır ki, Ermənistanda daxili siyasi, sosial və iqtisadi vəziyyət özünün daha gərgin səviyyəsinə yüksəlməkdədir. Bu isə ümumən Cənubi Qafqazda qeyri-müəyyən geosiyasi mənzərə yaratmaqdadır.

Ermənisayağı "islahat": prezidentin baş nazirə "çevrilməsi"

İndi Cənubi Qafqazın ən kiçik və zəif ölkəsi silkələnir. Uzun müddətdir ki, Qərbin müxtəlif təşkilatlarının regionun "qismən azad" ölkəsi kimi təqdim etməyə çalışdığı və insan haqlarına guya əməl edildiyi marionet dövlətdə ara qarışıb. Müxalifətin bir qrupu küçələrə axışıb, digərləri isə susur. Hakim qüvvə isə bunlara əhəmiyyət vermədən öz işini görməkdədir. Polis prosesə müdaxilə etməyə hazır vəziyyətə gətirilib. İlkin rəqəmlərə görə, 30-dan çox insan xəsarət alıb. Etiraz hərəkatına başçılıq edən parlamentin deputatı, "Vətəndaş dialoqu" partiyasının lideri Nikol Paşinyan polislə toqquşmada əlindən yaralanıb, lakin hələ də meydandadır.

Son.az newtimes.az-a istinadən bildirir ki, bütün bunlar hazırda Ermənistanda mövcud olan vəziyyətin yalnız bir qısa fraqmentidir. Məsələnin kökü isə ölkənin sosial, siyasi və iqtisadi həyatının bir sıra xüsusiyyətləri ilə əlaqəlidir. Əvvəlcə hakimiyyətin davranışlarından başlayaq. Serj Sarkisyanın prezidentliyi dövründə konstitusiyaya dəyişiklik edildi. Ermənistan prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçdi. Müstəqil ekspertlər bunun əsas səbəbinin Ermənistan konstitusiyasına görə bir nəfərin dalbadal üç dəfə prezident seçilə bilməsinin qadağan olması ilə bağladılar. Onlar proqnoz verirdilər ki, S.Sarkisyan dəyişiklikdən faydalanaraq baş nazir olacaq və parlamentdə də özünə sadiq qüvvələr üstünlüyünü saxlayacaq.

Bu proqnozun hər iki aspekti özünü doğrultdu. Birincisi, S.Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyası daşnaklarla ittifaqda parlament seçkisində qalib gəldi və 105 yerdən 65-nə sahib oldu. İkincisi, hakim qüvvələr S.Sarkisyanın baş nazir postuna təyin edilməsi üçün onun namizədliyini irəli sürdü. Bu təklifi baş nazir olan və "Qazprom"un adamı kimi tanınan Karen Karapetyan verdi. Parlamentin bu təqdimatı aprelin 17-də təsdiq edəcəyi barədə informasiya əvvəlcədən məlum idi. Bu prosesə etiraz kimi N.Paşinyan hərəkat başlatdı.

Hərəkatçılar Ermənistanda demokratiyanın pozulduğunu, insan haqlarının tapdandığını və S.Sarkisyanın öz hakimiyyətini süni surətdə uzatdığı iddiası ilə çıxış edirlər. Onlar hakimiyyətin bir nəfər tərəfindən zəbt edilməsinin qəbuledilməz olduğunu ifadə edirlər. Konkret olaraq S.Sarkisyanın sözdə demokratiya dəyişikliyi adlandırdığı prosesin əslində zorakı və avtoritar yolla, kənardan (başlıca olaraq Kremldən) gələn sifariş əsasında hakimiyyəti qəsb etdiyini söyləyirlər.

Ekspertlər S.Sarkisyanın hakimiyyətdə qalmaması üçün müxalifətin əlində kifayət qədər əsas olduğu haqqında yazırlar. Heç bir sahədə S.Sarkisyanın prezidentliyi dönəmində Ermənistan uğur əldə edə bilməyib. Daxili vəziyyət gərgin olaraq qalır. İqtisadiyyat çöküb. Baş nazir K.Karapetyana olan ümidlər də tükənib. K.Karapetyan müəyyən sferalarda fraqmentar uğurlar əldə etsə də, ümumən iqtisadi sistem bərbad vəziyyətdə qalmaqdadır. Bunun səbəbi kimi isə korrupsiya və korporativ maraqların ölkədə üstünlük təşkil etdiyini göstərirlər.

Ekspertlər əmindirlər ki, Ermənistanda korrupsiyanın başında məhz S.Sarkisyan dayanır. K.Karapetyan məhz bu səbəbdən sistemli islahatlar apara bilmir. Müxalifətin əksər hissəsi də korrupsioner sistem tərəfindən satın alınıb. Onlara müəyyən pay veriblər ki, səslərini çıxarmasınlar. Hətta bir sıra erməni ekspertlər bütün Ermənistan cəmiyyətinin korrupsiyaya qurşandığı tezisini irəli sürmüşdü.

Bunlardan başqa, Ermənistanın iqtisadi infrastrukturu Rusiyadan asılı vəziyyətə salınıb. Bütün strateji sferalara nəzarət Moskvanın əlindədir. Və bu vəziyyətdə hər hansı dəyişiklik gözlənilmir. Ayrıca, enerji sferasında Rusiya hökmranlıq edir. Ermənistan bütün regional və beynəlxalq enerji-nəqliyyat layihələrindən təcrid olunmuş vəziyyətdədir.

Regiona təhlükə: Ermənistan köhnə ampluasında