Edison şirkəti “Şahdəniz”dən qaz alacaq


Digərləri 18 Apr 2018 18:32:00 286 0

Edison şirkəti “Şahdəniz”dən qaz alacaq

"Şahdəniz-2" layihəsi çərçivəsində qaz satışlarına dair İspaniyanın Gas Natural Fenosa şirkəti ilə imzalanmış saziş üzrə hüquqlar İtaliyanın aparıcı enerji şirkəti olan Edisona ötürülüb.

SOCAR-dan Son.az-a verilən məlumata görə, bu, İtaliyanın qazpaylayıcı şəbəkəsinin alınması da daxil olmaqla daha böyük razılaşmanın bir hissəsi kimi həyata keçirilib. SOCAR Tower-də baş tutan imzalanma mərasimində SOCAR, Azərbaycan Qaz Tədarükü Şirkəti (AGSC), Edison və Gas Natural Fenosa şirkətlərinin nümayəndələri iştirak ediblər. Edison "Şahdəniz-2" layihəsi çərçivəsində 25 illik qaz tədarükü hüququ alıb. Tədarükə 2020-ci ildə, Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi tamamlandıqdan sonra başlanılması planlaşdırılır. 

2017-ci il oktyabrın 13-də Edison və Gas Natural Fenosa arasında İtaliyanın mühüm qazpaylayıcısı olan Gas Natural Vendita Italia-nın (GNVI) transferi haqqında razılıq əldə olunub. Fenosanın "Şahdəniz-2" qaz satışı sazişinin Edisona ötürülməsi də bu sövdələşmənin şərtlərindən biridir. Fevralda Avropa Komissiyası sövdələşməni anti-inhisar qaydalarına uyğun hesab edərək təsdiqləyib. Nəticə etibarı ilə GNVI-nin alınması və qaz tədarükü sazişinin transferi baş tutub. Bu transfer Avropanın əsas enerji oyunçularının Azərbaycan qazına marağının daim artmasını göstərir.