Kukla Teatrı İranda beynəlxalq festivalda iştirak edəcək


Digərləri 18 Apr 2018 14:46:00 161 0

Kukla Teatrı İranda beynəlxalq festivalda iştirak edəcək

Festivalda tamaşa nümayişləri ilə yanaşı, seminarlar və ustad dərslərinin təşkili də nəzərdə tutulub

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “Zəng” mono-tamaşası İran İslam Respublikasında keçirilən festivalda nümayiş olunacaq.

Teatrın Mətbuat xidmətindən"Report"a verilən məlumata görə, Məşhəd şəhərində baş tutacaq 1-ci “Jigi-Jigi” Beynəlxalq Performans və Sənət Festivalı aprelin 22-dən 30-dək davam edəcək.

Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Teatrlar, yaradıcı şəxslər, sənət adamları arasında mədəni əməkdaşlıq körpüsü yaratmaq, müxtəlif sənət cərəyanlarının bir səhnədə heç bir maneəsiz nümayişinə nail olmaq, beynəlxalq miqyasda teatr mübadiləsini təmin etmək məqsədilə baş tutacaq festivala Azərbaycanla yanaşı, ondan artıq ölkənin teatr təmsilçiləri qatılacaqlar.

Festivalda tamaşa nümayişləri ilə yanaşı, seminarlar və ustad dərslərinin təşkili də nəzərdə tutulub.Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq səfərə fəxri qonaq qismində dəvət olunan teatrın direktoru, əməkdar mədəniyyət işçisi, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə mərkəzin son 5 ilki fəaliyyəti ilə bağlı festival iştirakçıları qarşısında çıxış da edəcək.