İyulda Bakıda Azərbaycan-İsveçrə biznes-forumu keçiriləcək


İqtisadiyyat 18 Apr 2018 11:13:00 216 0

İyulda Bakıda Azərbaycan-İsveçrə biznes-forumu keçiriləcək

Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir

İqtisadiyyat naziri, Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalderi qəbul edib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumatya görə, görüşdə Ş.Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini, ölkə pezidentinin hər iki ölkə arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. O, bildirib ki, Azərbaycanın dövlət başçısı hər il İsveçrədə keçirilən Davos Forumunda və digər mühüm tədbirlərdə iştirak edir.

Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları və biznes forumlar keçirilir və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilir. Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycandan İsveçrəyə 1,2 mlrd. ABŞ dolları investisiya yatırılıb. 2017-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 40%-dən çox artım deməkdir. İsveçrənin SECO təşkilatı ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr reallaşdırılır. İsveçrənin İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, nazir Yohan Şnayder-Ammanın iyulda Azərbaycana nəzərdə tutulan səfəri zamanı da biznes forumun keçirilməsi, səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı ilə tanışlıq məqsədilə həmin sənaye parklarında təqdimatların təşkili nəzərdə tutulur.

Nəqliyyat sahəsində əməkdaşlıq imkanlarına toxunan nazir nazir Azərbaycanın nəqliyyat-tranzit imkanlarının Çində təqdim edildiyini, Ələt Limanının tikintisinin başa çatmaq üzrə olduğunu və isveçrə iş adamlarının limana səfərinin təşkilinin əhəmiyyətli olacağını vurğulayıb. Bundan başqa, Ermənistan-Azərbaycanmünaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdıran nazir Ş.Mustafayev bəzi İsveçrə şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməsinin yolverilməz olduğunu səfirin diqqətinə çatdırıb.

F.Ştalder ölkəsinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə,“Bir yol, bir kəmər” layihəsinə maraq göstərdiyini bildirib, əməkdaşlıq imkanlarına, eləcə də nazir Yohan Şnayder-Ammanın ölkəmizə nəzərdə tutulan səfərinə və təşkil ediləcək biznes foruma dair fikirlərini bölüşüb. Səfərin ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayan səfir bu zamanSumqayıt Kimya Sənaye Parkında inşa olunan və İsveçrə investisiyalı tikinti qatqılarının istehsalı zavodunun açılışını təklif edib.