Həyatın mənasını kinoda tapan sənətkar FOTO


Kriminal 18 Apr 2018 05:30:00 276 0

Həyatın mənasını kinoda tapan sənətkar  FOTO

Onu “dublyajın vuran ürəyi” adlandırırdılar

Onu "dublyajın vuran ürəyi" adlandırırdılar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycan kino tarixində elə sənətkarlar olub ki, onlar yalnız aktyor kimi filmlərə çəkilməklə kifayətlənməyiblər. Bu şəxslər həm də filmlərin istehsalı ilə məşğul olub, rejissor assistenti, film direktoru və digər inzibati işlərdə də çalışıblar. Misal üçün, Məmməd Əlili "Qız qalası", "Bismillah" filmlərində rejissor köməkçisi, "Ögey ana", "Koroğlu", "Leyli və Məcnun", "Ulduzlar sönmür" və s. filmlərdə II rejissor işləmişdir. "Arşın mal alan" (1916), "Koroğlu", "Arşın mal alan" (1965), "Dəli Kür", "Nəsimi", "Gənc qadının kişisi" və s. filmlərdə rollar ifa etmişdir.

Əlisəttar Məlikov, Nəriman Axundov, Novruz Axundov, Mollağa Bəbirli, Salman Dadaşov, Suğra Bağırzadə, Süleyman Samuxlu, Yusif Əlizadə, Ənvər Həsənov, Ələsgər İbrahimov, Tələt Rəhmanov, Arif Kərimov, Bahadır Əliyev və başqaları həm filmlərə çəkilmiş, həm də kino istehsalı ilə əlaqədar rejissor assistenti, II rejissor, film direktoru, mühəndis, inzibatçı və s. vəzifələrdə işləmişlər.

Salam, Bakı kinostudiyası!

Azərbaycan aktyoru və kino istehsalı təşkilatçısı Bahadır Atabala oğlu Əliyev 69 illik ömrünün 39 ilini milli kino sənətinin inkişafına həsr etmiş sənətkarlarımızdandır. Kino xadimi Bahadır Əliyev 1933-cü il fevralın 24-də respublikamızın dilbər guşəsi Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açmışdır. O, hələ orta məktəbdə oxuyarkən incəsənətlə maraqlanır, ali təhsil almaq üçün hara gedəcəyini artıq özü üçün müəyyənləşdirmişdi. Orta məktəbi bitirdikdən sonra Bahadır, Azərbaycan Dövlət Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olur. İnstitut həyatı, görkəmli sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnməsi, institut səhnəsində yoldaşları ilə birgə tamaşalarda iştirak etməsi gənc tələbə-aktyorun qarşısında yeni perspektivlər açır. 1956-cı ildə institutu bitirəndən sonra onun təyinatını Bakı kinostudiyasına verirlər. Bir ildən sonra onu aktyor vəzifəsinə irəli çəkirlər. 1957-1959-cu illərdə "Kölgələr sürünür", "Bir məhəllədən iki nəfər", "Onun böyük ürəyi" və "Onu bağışlamaq olarmı?" filmlərində kiçik rollarda çəkilir. Rollar kiçik olsa da, özünün dediyinə görə, Bahadır üçün bunlar gələcək filmlərə gedən yolda istinad nöqtəsi idi. Rejissor Əjdər İbrahimovun "Onun böyük ürəyi" kinopovestində Bahadırın ifa etdiyi gənc oğlan Əhməd Maşa adlı qızı sevir. O, hər bir gənc kimi böyük arzularla yaşayır. Lakin alman faşistlərinin Sovet İttifaqına qəflətən hücumu Əhmədin gələcək planlarını təxirə salır. O, digər gənclər kimi Vətəni qorumaq üçün cəbhəyə yollanır.

Taleyin qəribə oyunları

Doğru deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Bahadır böyük həvəslə kinostudiyada işlədiyi vaxt, onu kadrlar şöbəsinə çağırıb deyirlər ki, kinostudiyada işin həcmi azaldığına görə, 1959-cu il oktyabrın 3-dən tutduğunuz vəzifədən azad olunursunuz. Ataların belə bir sözü var: "Tale insanla oynayır." Bahadır bir ildən sonra Bakıdakı Lal-Karlar Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə işə düzəlir. Bahadır Əliyev Lal-Karlar Mədəniyyət evində 15 gündən artıq qala bilmir, ərizə yazıb öz xahişi ilə işdən çıxır. Və... 1961-ci il mayın 12-də yenidən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə qayıdır. Bu dəfə... korrektor vəzifəsinə. O, bu vəzifədə yazı-pozu ilə məşğul olsa da, əsas işi filmlərə çəkilmək idi. 1961-1965-ci illərdə aktyor "Telefonçu qız", "Əmək və qızıl gül", "Romeo mənim qonşumdur" filmlərinə çəkilir, "Böyük dayaq"da komsomolçu, "Möcüzələr adası"nda neftçi, "Sehirli xalat"da xanın əsgəri rollarında çıxış edir.

Əgər 50-ci illərdən ta 60-cı illərin II yarısına kimi Bakı kinostudiyasında istehsal olunan filmlərin siyahısına nəzər salsaq, çəkilən filmlərin sayının artdığının şahidi olarıq. Amma keyfiyyətə gəldikdə bunu çəkilən filmlərin hamısı haqqında demək olmaz. Bu da, əsasən, ssenarinin qıtlığından, yazılan ədəbi ssenarilərin zəif olmasından irəli gəlirdi. Hətta iş o yerə gəlib çatmışdı ki, 1964-cü ilin ssenari portfeli demək olar ki, boş idi. Ona görə də kinostudiyada işləyən bir çox kino işçilərinin ixtisar olunmaq qorxusu qarşıya çıxmışdı. Yaranmış xoşagəlməz vəziyyətdən çıxmaq və istehsalat planını yerinə yetirmək üçün "Ulduz" operettasını ekranlaşdırmaq qərara alındı. "Ulduz" filmi bədii cəhətdən zəif olsa da, tamaşaçı rəğbəti qazanmış kino əsəridir. Filmdə Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Bəşir Səfəroğlu kimi görkəmli sənətkarlarla yanaşı Səyavuş Aslan, Bahadır Əliyev, Tamilla Rüstəmova, Hacı Murad, Fazil Salayev və digər gənc aktyorlar çəkilmişlər.


Xəbərə aid fotolar