Azərbaycanlı aktyor: "Nə istədiyimi bilirdim" FOTO


Kriminal 18 Apr 2018 03:30:00 271 0

Azərbaycanlı aktyor: "Nə istədiyimi bilirdim"  FOTO

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

"Debüt" rubrikamızın müsahibi Bakı Uşaq Teatrının aktyoru Qurban Əhmədovdur. 1995-ci il yanvarın 2-də Qusarda dünyaya gələn aktyor 9 il Qusarda Qədirqala əsas kənd məktəbində təhsil alıb. Sonra şəhid Sərvər Əbdülkərimov adına Balaqusar kənd məktəbində təhsilini başa vurub. 2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" ixtisasına daxil olub. Məktəb illərindən gələcəyə dair böyük hədəfləri olan Qurban addım-addım istəklərinə doğru gedib. 

- Aktyor olmaq sizin uşaqlıq arzunuz olub?

- Hələ şagird olarkən qarşıma məqsəd qoydum ki, gələcəkdə incəsənət sahəsi üzrə çalışacam. Nəslimizdə incəsənət sahəsi üzrə çalışan tək mən deyiləm. Belə ki, əmilərim, bibilərim rəssamdırlar, onlar Rusiyada fəaliyyət göstərirlər. 2009-2011-ci illərdə Qusar Dövlət Ləzgi Dram Teatrında iştirak etmişəm. Kənd yerində aktyor kimi çalışmaq bir az çətindir. O zaman yaşım çox az idi, həyatı daha rəngarəng və filmlərdəki kimi görürdüm. Gələcəyə doğru böyük planlarım və arzularım var idi.  

- Kənd yerində aktyor olmağın çətinlikləri nələrdir?

- Heç də böyük üstünlükləri yoxdur. 

- Yəni aktyorluğun kişi sənəti olmadığını deyirdilər?

- Elə deyil, insanların münasibəti mənim xoşuma gəlmirdi. Misal üçün, münasibətin olmayan bir insanın məhz aktyor olduğun üçün səninlə münasibət qurduğunu görmək heç də yaxşı bir şey deyil. Səni çoxdandır itirib-axtarmayan insanlar hansısa tamaşada səni görürdülərsə, ondan sonra münasibət qurmağa çalışırdılar.  

- Bəs bölgə tamaşaçılarımızın teatra münasibəti necədir?

- Teatr canlı sənət növüdür. Bu sənət növünün bölgəsi, paytaxtı olmur. Hətta paytaxtın bir neçə teatrında olmayan şərait Ləzgi Teatrında var. Ləzgi Teatrında əsasən yay tamaşaları repertuara daxil olurdu. Yayda teatrın zalında oturmağa yer olmurdu. Ötən həftə Bakı Uşaq Teatrının kollektivi ilə həmin teatra qastrol səfərimiz oldu, həmin gün bizim oynadığımız tamaşada zal ağzına kimi dolu idi. İnsanlar bizi ayaq üstündə izləyirdi. Təbii ki, bu çox sevindirici haldır.

- Yəqin ki, doğma teatrdan çıxıb paytaxt teatrına gəlmək və sonra öz məmləkətinə qonaq kimi qayıtmaq maraqlı hisslər doğurur.

- Əlbəttə, həmin teatrın səhnəsi, kollektivi mənim üçün əzizdir. Orada gözəl zaman keçirmişəm, təcrübə qazanmışam. Yenidən çalışdığın teatra getmək və tamaşa oynamaq həqiqətən də xoş oldu. 


Xəbərə aid fotolar