Heydər Əliyev Mərkəzində Çin rəssamı Vanq Yuyanqın sərgisi açılıb


Digərləri 17 Apr 2018 22:36:29 237 0

Heydər Əliyev Mərkəzində Çin rəssamı Vanq Yuyanqın sərgisi açılıb

Aprelin 17-də Heydər Əliyev Mərkəzində müasir Çin incəsənətinin tanınmış nümayəndəsi, rəssam Vanq Yuyanqın (Wang Yuyang) "Unikallıq" adlı fərdi sərgisi açılıb

Bakı. Aprelin 17-də Heydər Əliyev Mərkəzində müasir Çin incəsənətinin tanınmış nümayəndəsi, rəssam Vanq Yuyanqın (Wang Yuyang) "Unikallıq" adlı fərdi sərgisi açılıb. Sərginin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Çinin Azərbaycandakı səfiri Vey Cinhua, rəssam Vanq Yuyanq və kolleksiyaçı Con Dodeland çıxış ediblər. Son dövrlər Çin müasir incəsənətinin çox inkişaf etdiyini bildirən Anar Ələkbərov bu incəsənətin nümunələrinin Azərbaycanda təqdim edilməsi üçün Heydər Əliyev Mərkəzi tərəfindən bir sıra qalereyalar, mədəniyyət mərkəzləri ilə əməkdaşlıq edildiyini bildirib. “2017-ci ildə Heydər Əliyev Mərkəzində təqdim edilən “Ulduzlar toplusu” adlı Çin müasir incəsənət sərgisində 20 rəssamın 40-dək əsəri nümayiş olunub. Bu gün həmin layihəni davam etdiririk”, - deyən Anar Ələkbərov sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Eksperimental incəsənətin heyrətamizliyini nümayiş etdirən əsərlər Çin və Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfir Vey Cinhua Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ildə Çinə dövlət səfərindən sonra bu əlaqələrin daha da genişləndiyini, Heydər Əliyev Fondunun bu əlaqələrə öz töhfəsini verdiyini vurğulayıb. Sərginin açılışında iştirak etməkdən məmnunluğunu qeyd edən diplomat Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə layihənin reallaşdırılmasına görə təşəkkürünü bildirib. “Heydər Əliyev Fondu ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaları və dostluğu möhkəmləndirmək üçün elm, təhsil, mədəniyyət və idman sahələri üzrə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə iş aparır”, - deyən səfir Heydər Əliyev Fondunun Azərbaycanda Çin mədəniyyətini və incəsənətini də fəal təbliğ etdiyini vurğulayıb. Rəssamın Çinin məşhur Mərkəzi İncəsənət Akademiyasının gənc müəllimi olduğunu diqqətə çatdıran səfir deyib: “Onun əsərlərində elm, texnologiya və incəsənət bir nöqtədə birləşir. Bu, eksperimental incəsənətin heyrətamizliyini nümayiş etdirir”. Kolleksiyaçı Con Dodeland çıxışında vurğulayıb ki, Vanq Yuyanqın əsərlərinin unikallığı onun incəsənət və elmi bir araya gətirməsindədir. “Vanq Yuyanqın əsərlərində elm hər bir yerdədir. Lakin bu, həmin əsərlərin qavranılmasını əsla çətinləşdirmir. Onun əsərlərində elm, incəsənət və poeziya öz əksini tapıb”, - deyən kolleksiyaçı rəssamın yaradıcılığında Ay planetinin nəinki elmi, mifoloji, həm də estetik bir işarəyə çevrildiyini bildirib. Con Dodeland deyib ki, Heydər Əliyev Mərkəzinin xüsusi memarlıq üslubu ilə Vanq Yuyanqın əsərləri harmoniya təşkil edir.