Vay o günə ki, bizi müsəlman etdilər –


Digərləri 17 Apr 2018 21:35:00 255 0

Vay o günə ki, bizi müsəlman etdilər –

Son.az lent.az-a istinadən fəlsəfə elmləri doktoru Rahid Uluselin "Dindən yüksək "Avesta" essesini təqdim edir.

"Avesta" (e.ə. I minillik) öz od həqiqətlərini 12 min öküz dərisindən Azərbaycandakı "Atəşgah"adək, ilahi iyerarxiyanın bütün qatlarından insanın qəlb odasınadək dilim-dilim saçır. Ari düşüncəsi "Riqveda" və "Avesta"nın bir çox cəhətdən uzlaşan monoteosofik modelində dünyaya o ölçüləri verir ki, bu harmoniyada insanın tanrısal vəcdi və öygüsü gerçəkdən kosmik miqyas alır. Onların epik simfoniyası Universum ahəngində çalınır: söz - coşqun poeziyasına, səs - son tembrinə, təxəyyül - şahanə yüksəlişinə, mənəviyyat - ərənlik əxlaqına çatır. Məhz bu əxlaq səviyyəsində mifik arxitektonikadan nizamlı rasionallığa doğru indiyədək gedilməmiş bir yol açılır. Bu yol "Riqveda"da hələ çox dumanlıdır. "Avesta"da isə dumandan sıyrılmışca, amma yetərincə stixiyalıdır. Həmin çətin yolu intixab edən ari peyğəmbəri Zaratuştra (Zərdüşt) dərin bir inamla, fəqət şiddətləndikcə öz ləngərini saxlayan bir vüsətlə Panteonun zirvəsinə doğru irəliləyir və "varlığın yaradıcısıtək" (Yasna, 5:1; 64:7) vahid Tanrı olaraq qəbul etdiyi Ahura Mazda ülviyyətində toxdayır.

Əsil maestozo da bundan sonra başlayır. O, sadəcə, politeistik dünya modelindən monoteistik dünya modelinə keçmir, bu təkamülün mənəvi əsaslarını yaradır. Zaratuştra, peyğəmbər fəhmi və zəkası ilə dərk edir ki, yaradılışın başlanğıcında Şər (Ahriman) dayana bilməz. Əgər Şər dayansaydı, xaos stixiyasında dünya quruluş ala bilməz, məhv olub gedərdi. Deməli, Varlığın yaradılış nöqtəsi - əzəl substansiyası vahid Tanrıda (Ahura Mazda) təcəssümünü tapan Xeyir və Həqiqətdir (Zaratuştra təlimində Xeyir və Həqiqət birdir). İnsan yalnız bu Həqiqəti dərk etməklə və bütün həyatını Xeyirin əzəli və təbii harmoniyasında qurmaqla Varlığın maddi və mənəvi inkişafında yer alır. Xeyirlə başlayan və yaşayan Varlıq Xeyirlə də sona çatmalı - vahid Tanrı ilə vəhdətə gəlməlidir. Ona görə də "Avesta"da Tanrı və İnsan - Ahura Mazda və Zaratuştra (Tiştr-Yaşt, 8: 59-60), Dünya və Qanun (Tiştr-Yaşt, 8: 1), Qanun və Zaratuştra (Arədvisur-Yaşt, 5:89) adları və sözləri bir çox yerdə birgə işlədilir.

"Avesta"nın ən uca həqiqəti budur: Varlıq öz Xeyir başlanğıcına - Tanrıya qayıtmalıdır. İnsan - bu qayıdışın böyük və təlatümlü yoludur. Həmin ziddiyyətlərlə dolu yolda "etiqadlı kahin" Zaratuştra "fikrin qələbəsi, sözün qələbəsi, əməlin qələbəsi, nitqin qələbəsi və kəlamın qələbəsinə" Tanrıdan qüvvət diləməklə yanaşı (Veretraqn-Yaşt, 14:30), nəinki düşmən saydığı "Tur (Turan) ölkələrinə", həm də doğma bildiyi "ari ölkələrinə zərbə vurmaqda" (Arədvisur-Yaşt, 5:54, 58), hətta Ahrimanın kənizləri "Sahavaça və Arnavaçanı qaçırmaqda" (Arədvisur-Yaşt, 5:34) Ondan kömək umur. Tanrı Ahura Mazdanın təcəssümü olan Qüdrətli Saflıq Aradvi isə Zaratuştraya Xeyir əxlaqı təlim etsə də, yenə incə bir məqamda nəinki mənəvi, həm də fiziki cəhətdən sağlam olmayanları - "axsaq, cüzamlı, kor, kar, keçməli (epileptik)" və s. əlilləri öz nemətlərindən məhrum etmək, onların yalvarış və diləklərinə hay verməmək, çarə qılmamaq insafsızlığına yol verir (Arədvisur-Yaşt, 5:92-93).