Bəndəlik ruhiyyəsinin açarı


Digərləri 17 Apr 2018 21:10:00 202 0

Bəndəlik ruhiyyəsinin açarı

Bismilləhir-Rahmənir-Rahim!

Allaha ibadət edən insanın ruhiyyəsi bir gün yuxarı, bir gün aşağı olur. Bir gün bəndəlik ruhiyyəmiz yuxarı səviyyəyə qalxır, bir gün aşağıya enir. Biz nə edək, hansı vasitələrdən istifadə edək ki, bəndəlik ruhiyyəmiz, mənəvi ruhiyyəmiz, Allaha ibadət ruhiyyəmiz yüksək olsun?

Bu, istisnasız olaraq hər bir səmimi dindarı, Allah bəndəsini düşündürən məsələdir. Yaşından, məsləkindən, məşğuliyyətindən asılı olmayaraq hər bir iman əhlini ən çox düşündürən məsələ budur ki, nə edək ki, gündəlik həyatımızda mənəvi ruhiyyəmiz yuxarı olsun?

Bəndəlik ruhiyyəsini artıran amillər

Başa düşülən budur ki, bu, özü-özünə əmələ gələn mövzu deyil. Yəgin ki, xüsusi bir çalışmalar olmalıdır ki, həmin mənəvi ruhiyyə insanda daim yuxarı həddə olsun. Bir neçə tövsiyələr var ki, bunlara riayət etmək mənəvi ruhiyyənin yüksəlməsinə səbəb olur. İnsanın mənəvi ruhiyyəsinin yüksəlməsinə səbəb olan çox önəmli məsələlərdən biri - vaxtında qılınan namazdır. İnsanın mənəvi ruhiyyəsinin ali olmasına ən ciddi təsiri olan mövzulardan biri - namazın əvvəl vaxtda qılınmasıdır.

İkinci mühüm amil - o müstəhəblərdir ki, insana müsbət təsir qoyur.Vacibatlar belədir ki, istər müsbət təsir qoysun, istər qoymasın - bunlara əməl olunmalıdır. İnsan mütləq haramlardan çəkinilməlidir və vacib ayinlərə əməl etməlidir. Burada birmənalılıq var.

Belə bir analogiya apara bilərik: biri xəstədir və adi sağlam insanın yediyi yeməyi yeyir, amma ona acı gəlir. Beləcə də, insan ola bilər ki, qəlbən xəstə durumda olsun, etdiyi ibadətlər onun ruhiyyəsini yüksəltməsin. Vacibatlar bu qida kimidir ki, insan bu qidanı mütləq şəkildə qəbul etməlidir - istər ləzzət versin, istərsə də verməsin.

Amma o müstəhəb əməllər ki, insan onlardan ruhiyyə alır, insana müsbət enerji, mənəvi güc verir - belə müstəhəb işləri həyata keçirmək lazımdır. Hansı müstəhəb işlər ki, insanı əksinə olaraq yorur və onu ürəklə etmir - müəyyən müddət onlardan fasilə saxlamaq lazımdır.

İnsanın ünsiyyət və bağlantıları

Üçüncü amil - Allah kitabı olan Qurani-Kərimlə ünsiyyətdir. Hər kəsin öz həddində, öz tutumunda gərək ki, Rəbbi ilə ünsiyyəti olsun. Allah Kitabı ilə ünsiyyət insanın bəndəlik ruhiyyəsini diri saxlayar.

Dördüncü amil - insanın Əhli-Beyt (ə) ilə bağlantısının olmasıdır. Əhli-Beytə (ə) təvəssül etmək insanda iman ruhiyyəsini artırar. İnsanın gün ərzində Əhli-Beytlə (ə), Məsumlarla (ə) bir rabitəsi olmalı, təvəssülü olmalıdır.

Bəndəlik ruhiyyəsini artıran beşinci mühüm amil - hər zaman dəstəmazlı olmağa çalışmaqdır. Bu halda olmağa çalışmaq, bu durumda olmağa qərar vermək lazımdır.

İnsanın bəndəlik ruhiyyəsini artıran ciddi amillərdən biri - ziyarətdir.İnsanın dünyadan getmiş möminləri, şəhidləri, alimləri ziyarət etməsi onun imanına çox böyük təsir qoyur. Nəhayətdə insanın onun da son mənzili olacaq qəbiristanlığa baş çəkməsi - onun imanının artmasına səbəb ola bilər. Bu, insana onun öz ölümünü yada salacaq. Ölümü yada salan insan isə mütləq əbədi həyatda ona lazım olacaq azuqə barədə qayğılanacaq.

Yeddinci amil - mənəviyyat yükü olmayan məclisləri tərk etməkdir.Mənəviyyat yükü olmayan, boş, bihudə məclisləri tərk etmək insanı daha imanlı, təqvalı edə bilər. O məclislər ki, orada dünyaya vurğunluq aşılanır, orada olarkən insan əbəs işlərlə məşğul olur, orada Allah yad olunmur və onların heç bir mənəvi yükü yoxdur - insan o məclislərdən fasilə saxlamalıdır. Əgər fasilə saxlaya bilsə, bəndəlik ruhiyyəsi artar.

Mütaliə vərdişləri

Mütaliə, dərs öyrənmək, elmi araşdırmanın olması da insanın imanının güclənməsinə təsir qoyur. Nə həddə olursa-olsun, mömin beşikdən qəbrə qədər elm öyrənməli, öyrənməyə, biliyə can atmalıdır, mütaliə etməlidir. Bunsuz din yoxdur.

İmanı gücləndirən digər mühüm amil - minbər məclislərində iştirakdır.Moizə dinləmək, xütbə dinləmək insanın bəndəlik ruhiyyəsinin artmasına səbəb olur. Əhli-Beytin (ə) zikri olunan, onlar xatırlanan məclislərdə iştirak etmək insanın ruhiyyəsini xeyli yüksəldir. Mövlud, şəhadət tədbirləri və bütün bu kimi dini yaşadan mərasimlərdə, tarixlərdə iştirak etmək də insanın dindarlıq ruhiyyəsinin artmasına səbəb olar.

İnsanın dindarlıq ruhiyyəsini artıran önəmli amillərdən biri də günahdan çəkinməkdir. İnsan harada günahla sərhəddədirsə, orada dayanmalı və tələsməməlidir. Çünki, tələsən zaman insanın günah etmək potensialı bir o qədər artır. Eyni zamanda günahdan tövbə ruhiyyəsinin olması da bunun içində olmalıdır.

Bir mühüm amil də uzun arzuları tərk etməkdir. Uzun arzularla bəndəlik ruhiyyəsi bir yerdə ola bilmir. Uzun arzuları tərk etmək bəndəlik ruhiyyəsinin artmasına təsir edir.

Növbəti bir amil isə mənəvi məkanlarda - camaat namazlarında, dualarda, mərasimlərdə iştiraka can atmaqdır. Bunun özü insanın mənəvi ruhiyyəsini artırır.

Yeri gəlmişkən, İmam Əlidən bu mövzuda nəql edilən hədisə toxunaq. Əziz İmam (ə) buyurur: "Mömin davamlı olaraq:

1. Allahı yada salar.

2. Çoxlu təfəkkür edər.

3. Nemətə şükür edər.

4. Giriftarlıqda səbirlidir".

Mülayim, zirək, səxavətli, pəhrizkar...

Yeri gəlmişkən, Məsumların (ə) möminin xüsusiyyətləri ilə bağlı buyuruşlarına diqqət edək.

Allahın Peyğəmbəri (s) möminin vəsfində buyurmuşdur: "Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin...

Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini...

Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır.

Xərci azdır, çox kömək və yardım edir...

İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür.

Gözləri aşağı baxır.

Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır.

Sözünü ölçüb-biçir və dilini lal edir...

Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə, inkar etmir.

Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir...