2018 Azərbaycan Qran Prisi çərçivəsində keçiriləcək əyləncə tədbirlərinin detalları bəlli olub


Digərləri 17 Apr 2018 16:03:00 256 0

2018 Azərbaycan Qran Prisi çərçivəsində keçiriləcək əyləncə tədbirlərinin detalları bəlli olub

Avtoidman həvəskarlarına bir-birindən zövqlü yeni əyləncələr təqdim olunacaq.

Bakı. Dənizkənarı bulvar boyunca uzanan F1 Azarkeşlərin Əyləncə Zonasında 26-29 aprel tarixlərində yarışı izləməyə gələn avtoidman həvəskarlarına bir-birindən zövqlü yeni əyləncələr təqdim olunacaq. Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, dənizkənarı bulvarda yarış çərçivəsində baş tutacaq əyləncə tədbirləri aprelin 26-ı saat 12:00-dan 21:00-dək, aprelin 27-i və 28-i saat 10:00-dan 19:00-dək və aprelin 29-u saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı 27-29 aprel tarixlərində axşam saatlarından başlayaraq Bakı Kristal Zalında bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə gec saatlaradək davam edəcək. Dördgünlük bilet alan tamaşaçılar aprelin 26-ı, saat 14:00-dan 15:30-dək Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Azarkeş Zonasında yerləşən Abşeron tribunası tərəfdən olacaq. Bundan başqa, Formula 1 Azarkeş Zonasında builki Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 27-29 aprel tarixlərində saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli pilotları ilə görüşü üçün məkana erkən gəlmələri tövsiyə olunur. Bu il tamaşaçılar Formula 1-in yeni pilotları ilə yanaşı Bakı Şəhər Halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Belə ki, aprelin 28-i, dənizkənarı bulvarda yerləşən F1 Azarkeş Zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək. Həmçinin 26-28 aprel tarixlərində yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddət ərzində trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı şəkildə tanış ola biləcəklər. Ötən illərdəkindən fərqli olaraq bu il tamaşaçıları salamlama mərasiminin açılışı Pilotların Paradından əvvəl baş tutacaq. Musiqili tamaşa formasında keçəcək mərasimin açılışından dərhal sonra pilotlar xüsusi nəqliyyat vasitəsilə Bakı Şəhər Halqasında dövrə vuraraq trek ətrafında olan tamaşaçıları salamlayacaqlar.