Əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək


Digərləri 17 Apr 2018 11:16:00 259 0

Əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək

Əmək müfəttişliyi sisteminin səmərəliliyinin artırılması üçün strategiyanın hazırlanması sahəsində beynəlxalq təcrübəyə dair seminar keçirilir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Əmək müfəttişliyinin səmərəliliyinin artırılması üçün strategiyanın hazırlanması və müasir texnologiyaların tətbiqi sahəsində beynəlxalq təcrübə” mövzusunda seminar keçirilir. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində də ölkəmizdə mühüm irəliləyişlərə nail olunmasına imkan verdiyini vurğulayıb. O bildirib ki, bütün əhali üçün layiqli əməyin təmin olunması və qeyri-bərabərliyin aradan qaldırılması da məqsədlərdəki hədəflərdəndir: “BƏT-lə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nda əksini tapan məsələlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətinin gücləndirilməsi məqsədilə BƏT-lə birgə fəaliyyət hədəflərinin müəyyən olunması, bu hədəflərə çatmaq üçün əmək müfəttişliyinin və sosial tərəfdaşların potensialının artırılması da mühüm yer tutur. Həmçinin DƏMX-in işində yeni metodların daxil edilməsi, əmək müfəttişliyində məsləhət və peşəkar xidmətlərinin gücləndirilməsi məqsədilə əməyin təftişi ilə bağlı BƏT-in Konvensiyalarının praktiki tətbiqi, qabaqlayıcı və nəzarət tədbirlərinin tarazlaşdırılmış formada istifadəsinə dair siyasətin formalaşdırılması, institusional bazanın artırılması və s. də proqramda əksini tapır”. Nazir müavini vurğulayıb ki, əmək müfəttişlikləri iş yerlərində əmək normalarına nə dərəcədə əməl olunmasına nəzarət etməklə yanaşı, bu sahədə, xüsusilə də əmək şəraiti, iş vaxtı, əmək haqqı, əməyin mühafizəsi və digər istiqamətlər üzrə işəgötürənlərə və işçilərə öz dəyərli tövsiyələrini verirlər. Eyni zamanda, onlar öz fəaliyyətlərində qarşılaşdıqları problemləri araşdırır, səbəblərini müəyyən edir, əmək qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə təkliflərini təqdim edirlər: “Təsadüfü deyil ki, ölkəmiz BƏT-in prioritet konvensiyalarından olan “Sənayedə və ticarətdə əməyin təftişi haqqında” 81 nömrəli və “Kənd təsərrüfatında əməyin təftişi haqqında” 129 nömrəli Konvensiyaları ölkəmiz tərəfindən ratifikasiya olunub”. Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqan olaraq DƏMX-in fəaliyyətinin gücləndirilməsi, maddi-texniki təminatlarının artırılması istiqamətində ötən dövrdə görülən işləri, icra olunan layihələri diqqətə çatdıran İ.İsayev hazırda xidmətin 100-dən artıq üzvü özündə əhatə edən “Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyası”nın üzvü olduğunu, bu Assosiasiyada 12 ölkəni birləşdirən regional “Cənub-şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı”nda təmsil olunduğunu qeyd edib. İ.İsayev bildirib ki, qloballaşan və sürətlə dəyişən dünyamızda yeni çağırışlara uyğun olaraq bütün fəaliyyət sahələri təkmilləşdirilir və belə yanaşma əmək müfəttişliklərinə də aiddir. Eyni zamanda, əmək bazarının çevikliyinin artdığı və informasiya texnologiyalarının əmək bazarına təsirinin gücləndiyi bir şəraitdə əmək normalarına əməl edilməsində əmək müfəttişliklərinin rolu daha da artır: “Əmək bazarındakı mövcud neqativ amillərin aradan qaldırılması üçün ölkədə qeyri-rəsmi məşğulluğun və qeyri-rəsmi əmək ödənişlərinin qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirmək zəruridir”.