BSU-da Azərbaycan plovu günü qeyd edilib (FOTO)


Digərləri 17 Apr 2018 11:02:00 238 0

BSU-da Azərbaycan plovu günü qeyd edilib (FOTO)

Aprelin 16-da Bakı Slavyan Universitetində Azərbaycan plovu günü adlı tədbir keçirilib.

Bakı. Aprelin 16-da Bakı Slavyan Universitetində Azərbaycan plovu günü adlı tədbir keçirilib. BSU-dan Trend-ə verilən məlumata görə, tədbirdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Petr Vaqner, Belarusun Azərbaycandakı konsulu İnessa Pavlovskaya, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Petroviç, ombudsman Elmira Süleymanova, AZMİU-nun rektoru Gülçöhrə Məmmədova, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Gülarə Məmmədova və Qəmər Kərimova, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər rəsmi şəxslər iştirak ediblər. Tədbiri BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraq qonaqları salamlayıb, tədbirin mahiyyəti barədə onlara qısa məlumat verib. O, aprelin 11-də keçirilmiş prezident seçkilərinin Azərbaycan xalqının milli dövlətçilik ideyasına sədaqətini, onun siyasi aktivliyini və dövlət rəhbərinə dərin məhəbbətini bir daha nümayiş etdirdiyini bildirib. N.Əliyeva deyib ki, seçkilər Azərbaycanda demokratiyanın, söz azadlığının, insan haqlarının tam bərqərar olunduğunu, xalqın müstəqil seçim hüququna hörmətlə yanaşıldığını göstərdi. O, ümummilli liderin müəyyən etdiyi azərbaycançılıq siyasətinə söykənən milli dövlətçilik ideyasının ölkəmizin bütün tədris müəssisələrində gənclərə aşılanmasını qarşıda duran ən vacib məsələ olduğunu bildirib. Rektor qeyd edib ki, milli ideologiyanın tərkib hissələrindən biri də xalqın mətbəx mədəniyyətidir: “Mətbəx ölkədəki ictimai-siyasi durumu, sosial-iqtisadi vəziyyəti, ölkənin rifah halını, xalqın həyat şəraitini və həyat fəlsəfəsini göstərən başlıca faktorlardandır. Dövlət başçısının xüsusi qayğı və göstərişi ilə ilboyu təşkil olunan yarmarka və kənd təsərrüfatı məhsulları sərgisi insanlarımızın keyfiyyətli və sağlam ərzaq məhsulları ilə təminatına yönəlmiş real addımlardandır”. BSU rektoru Azərbaycan mətbəxini həm də xalqın mənəvi dəyərlərinin, qonaqpərvərliyinin, insanpərvərliyinin əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirib. O, deyib: “Azərbaycan xalqının tarixən çox zəngin mətbəx mədəniyyəti, incə və ləziz süfrə açmaq qabiliyyəti olub. Əsrlərin dərinliklərindən gələn bu zənginlik həm də bizim qonaqpərvərliyimizin, dostsevərliyimizin və açıqürəkliyimizin göstəricisidir. Bu gün dövlətimizin yürütdüyü səmərəli iqtisadi siyasət bu zənginliyi nəinki qoruyub saxlamağa, həm də onu artırmağa, onun növ və çeşidlərinin üzərinə yenilərini əlavə etməyə imkan verib. Xalqın yüksələn rifahı həmişə onun mətbəx mədəniyyətinin keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəlişi ilə müşayiət olunub və bu gün də olunmaqdadır”.