“AccessBank”: Müştərilərə təqdim olunan rəqəmsal xidmətlərin genişləndirilməsi prioritet olaraq qalacaq


Digərləri 17 Apr 2018 10:55:50 186 0

“AccessBank”: Müştərilərə təqdim olunan rəqəmsal xidmətlərin genişləndirilməsi prioritet olaraq qalacaq

Milli iqtisadiyyata dair Strateji Yol Xəritəsinə əsasən, iqtisadiyyatda şəffaflıq və nağdsız ödənişlərin payı sürətlə artacaq.

Bakı. Milli iqtisadiyyata dair Strateji Yol Xəritəsinə əsasən, iqtisadiyyatda şəffaflıq və nağdsız ödənişlərin payı sürətlə artacaq. Trend-in məlumatına görə, bunu “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda “MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı”nda “AccessBank”ın Rəqəmsal Bankçılıq üzrə icraçı direktoru Səbinə Qurbanova deyib. İcraçı direktor bildirib ki, proqnoza görə, 2025-ci ilədək Azərbaycanda iqtisadi inkişaf sürətlənəcək, hətta ən ucqar yaşayış məntəqələri də "elektron təhsil", "elektron səhiyyə", "elektron kommersiya (ticarət)" kimi xidmətlərlə təmin olunacaq. Başqa sözlə, dövlət idarəetməsinin rəqəmsallaşması biznesin aparılması nöqteyi-nəzərdən şəffaflığı və effektivliyi artıracaq. Elektron xidmətin genişləndirilməsi Azərbaycanda biznes mühitinin beynəlxalq səviyyəyə qalxmasına zəmin yaradacaq. Səbinə Qurbanova qeyd edib ki, dövlət qurumları bu istiqamətdə bir sıra addımlar atıblar: "Nağdsız əməliyyatların aparılması sahəsində qanunvericiliyə edilən sonuncu dəyişikliklər bunun bariz nümunəsidir. Belə ki, hüquqi şəxslər və digərləri öz fəaliyyətini bank hesabları üzərindən həyata keçirir. Nağdsız ödənişlərin əsasən onlayn bankçılıq fəaliyyəti ilə bağlı olmasını nəzərə alsaq, biz rəqəmsallaşma üzərində köklənməliyik. Bu halda banklar müştəri bazasını qorumaq üçün onlayn kanalların keyfiyyətini artırmalıdır. Müştərilərin maliyyə savadlılığı və tələbləri sürətlə artır ki, bu da bankların daha çevik olmalarını tələb edir". Bank rəsmisi deyib ki, banklar müştərilər üçün özünəxidmət imkanlarını genişləndirir və bu, vəsaitlərin qənaət olunmasına səbəb olur: "Bu məsələyə bir neçə yanaşma mövcuddur. "McKinsey" şirkətinin təqdim etdiyi rəqəmlərə əsasən, rəqəmsal kanallarla aparılan tranzaksiyaların sayı ənənəvi bank xidmətərinin sayından 20-25% azdır. Hərçənd, vətəndaşların hamısı onlayn servislərə açıq deyil, buna baxmayaraq, nağdsız ödənişlərin rahatlığı və təhlükəsizliyi müştərilərin onlayn bankçılığa keçidini sürətləndirəcək.