Milli Məclisin rəhbərliyi Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzaladı


Digərləri 17 Apr 2018 09:36:00 267 0

Milli Məclisin rəhbərliyi Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzaladı

Milli Məclisin rəhbərliyi, komitə sədrləri və üzvləri deputat Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Son.az report-a istinadən xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan ictimaiyyətinə və elminə ağır itki üz vermişdir. Milli Məclisin deputatı, tanınmış ictimai xadim və texnika elmləri doktoru, professor Astan Şahverdiyev aprelin 15-də ömrünün 72-ci ilində vəfat etmişdir.

Astan Şahverdiyev 1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində təhsil almış, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1976-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirmişdir.

Astan Şahverdiyev elmə böyük maraq göstərmiş, 1981-ci ildə istilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini, 1994-cü ildə isə professor elmi adını almışdır. Astan Şahverdiyev 1995-ci ildə Nyu York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, dünyanın aparıcı jurnallarında elmi məqalələrlə çıxış etmişdir. O, 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri olmuşdur. 300-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 2 ixtiranın, 1 patentin və 10 dərslik və dərs vəsaitinin müəllifidir.

Astan Şahverdiyev yeni istedadlı gənc alimlərin yetişməsinə öz layiqli töhfəsini vermişdir. Tanınmış alim 1998-2003-cü illərdə BMT-nin Ətraf mühit və inkişaf proqramının Azərbaycan ofisində koordinator olmuş, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. O, "İstilik və soyuqluq texnikası" kafedrasının nəzdində "Alternativ və bərpa olunan enerji mənbələri" elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri idi.