"Çuğundur şirəsi uşağın qanını artırmır"


Digərləri 16 Apr 2018 22:23:00 312 0

"Çuğundur şirəsi uşağın qanını artırmır"

Qan insan həyatı üçün lazım olan ən vacib şərtlərdən biridir. Qan azlığından bir çox insan əziyyət çəkir. Xüsusilə də uşaqlarda qan azlığı müxtəlif problemlər yaradır. Bu zaman isə valideynlər tərəfindən ən çox müraciət edilən müalicə üsulu qan azlığı olan uşaqlara çuğundur şirəsi verməkdir. Amma mütəxəssislər bu kimi vasitələrlə qanın çoxalmasının absurd olduğunu bildirirlər. Bəs qanı az olan uşaqlara hansı qidalar verilməlidir? Son.az ailem.az-a istinadən pediatr Aytən İsmayılzadənin bu haqda fikirlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, əgər uşaqda qanazlığı varsa , hemoqlobin 100 q/l-dən azdırsa, bu, çuğundur-alma şirəsi ilə artan deyil. Körpə uşaqlar üçünsə ümumiyyətlə, bu şirə münasib seçim deyil.  Mütləq dəmir preparatı təyin olunmalıdır: "Qanazlığının, anemiyanın müalicəsi zamanı təyin olunan dəmir preparatı isə ən az 3 ay müddətində verilməlidir ki, dəmir deposu da tam olsun. Dəmir preparatı kalsium, sink tərkibli preparatlarla birgə qəbul edilməməlidir. Çünki onların qana keçmə kanalı birdir. Hansı qabağa düşə bilsə, o da keçəcək və dəmirin az keçməsi müalicənin effektini azaldacaq".

A.İsmayılzadə bildirir ki, dəmir bədənimizdə oksigeni hüceyrəyə daşıya biləcək yeganə "nəqliyyat növüdür": "Bir az loru dildə izah edim. Dəmir bədənimizdə oksigeni hüceyrəyə daşıya biləcək yeganə sürücüdür. Biz avtobus işləməyəndə metro ilə gedə bilirik, maşınımız xarab olanda taksi çağırırıq. Oksigen isə yalnız bir avtobusu gözləyir ki, mənzil başına - hüceyrəyə çatsın. Bu avtobusun adı eritrositdir (qırmızı qan hüceyrəsi), sürücüsü isə dəmirdir".