"Uşaqların düzgün qidalanması ən mühüm məsələlərdən biridir"


Digərləri 16 Apr 2018 21:59:00 420 0

"Uşaqların düzgün qidalanması ən mühüm məsələlərdən biridir"

Ölkəmizdə uşaq sağlamlığının qorunması sahəsində ardıcıl və daimi tədbirlər görülür. 2006-cı ildən başlayaraq indiyədək ana və uşaqlarının sağlamlığı səhiyyənin prioritet məsələlərindən birinə çevrilib. Həmin vaxtdan indiyədək bir-birinin ardınca bu sahədə bir neçə Dövlət Proqramı və qanunlar qəbul edilib. Uşaqların peyvənd edilməsi isə dövlət hesabına həyata keçirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib:

- "Uşaqların icbari dispanserizasiyası" haqqında Qanunda göstərilir ki, yeni doğulan körpə birinci ay ərzində ən azı üç, 1 yaşa çatanadək 12-13, 1 yaşından 2 yaşadək olan uşaqlar rübdə ən azı 1 dəfə həkim müayinəsindən, ehtiyac yaranan hallarda isə kompleks müayinədən keçirilməlidir. 2 yaşdan 3 yaşadək uşaqlar ildə 2, həmin yaşdan yuxarı olanlar isə ildə ən azı bir dəfə kompleks tibbi müayinə edilməlidir. Lakin bu, dispanser qeydiyyatında olan uşaqlara aid deyil, çünki həmin uşaqlar daha tez-tez həkimin tibbi yoxlamalarından keçməli olurlar. Lakin təəssüf ki, bəzən valideynlərin uşaqlar üzərində nəzarəti itirməsi nəticəsində həkim müdaxiləsinin gecikməsi və ya fürsətin qaçırılması halları ilə üzləşirik. Hətta bəzən proseslər başlanandan, iş işdən keçəndən sonra müraciətlər olur. Ona görə də istər valideynlər, istərsə də həkimlər uşaqların bəslənilmə, qidalanma və sağlamlığını daim nəzarət altında saxlamalıdırlar.

- Professor, əvvəlcə mövsümü xəstəliklər barədə məlumat verməyinizi xahiş edirik...

- Uşaqlar arasında rast gəlinən xəstəliklərin bir qismi mövsümi xəstəliklərlə əlaqədardır. Həmin sahəni təbabətdə ekoloji və ya mövsümi pediatriya adlandırırlar. Yaz-yay mövsümü uşaqların immunitetinin möhkəmləndirilməsi və orqanizmin sağlamlaşdırılması dövrüdür. Payız-qış aylarında isə daha çox soyuqdəymə, yazın əvvəlində daha çox allergik xəstəliklər narahatlıq doğurur, uşaqların bir qismində isə hipovitaminoz, yəni vitamin çatışmazlığı əlamətləri müşahidə olunur. Yaz mövsümünün başlanğıcında isə həmin xəstəliklər daha geniş yayılır. Allergik əlamətlər rast gəlinən uşaqların valideynləri onları tibb mütəxəssisi və allerqoloqun yanına aparmalı, qabaqlayıcı tədbirlər görməyə çalışmalıdırlar. İlin həmin mövsümündə ən çox pollinozlar baş verir. Ağacların çiçək açması, çiçəklərdə gedən tozlanma, havaya yayılan, yaşıllıqların əmələ gəlməsi nəticəsində yaranan görünən və görünməyən tozlar allergik reaksiyalara səbəb olur. Bunun nəticəsində uşaqlar arasında burun axmaları, tez-tez asqırmalar, gözün qızarması, sulanması, maye ifrazı baş verir, ağır hallarda isə dərində səpkilər, boğulma tutmaları yaranır. Əslində allergiyaya meyilli uşaqlar yaşadıqları ərazidə poliklinikalarda qeydiyyatda olur, sahə həkimləri və allerqoloqlar onlara daim nəzarət edirlər.

- Peyvəndlərin gecikməsi zamanı nə etmək lazımdır?