Bu il 56 rayon və şəhərdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur


Digərləri 16 Apr 2018 18:42:00 211 0

Bu il 56 rayon və şəhərdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur

“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də nəzərdə tutulub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin 2018-ci il üzrə İş Planına uyğun olaraq, bu il respublikamızın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədinə yönələn bu aktiv məşğulluq tədbirlərinin təşkili ilə əlaqədar işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır. Yarmarkalar zamanı müvafiq rayon və ya şəhər üzrə idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq. Həmin vətəndaşlara seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq. Dövlət Məşğulluq Xidmətinin Əmək Birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün həmin Birjaların iştirakı da təmin ediləcək.