"Yoldaşım səhərə kimi vedrələrlə su daşıyıb"


Digərləri 16 Apr 2018 15:49:00 285 0

"Yoldaşım səhərə kimi vedrələrlə su daşıyıb"

Son bir neçə gündə aramsız yağan güclü leysan yağışlar Zaqatala və Balakəndə bir sıra fəsadlara yol açıb.

Son.az ARB Şəki-yə istinadən xəbər verir ki, Zaqatalanın Mazıx kəndinin ərazisindən axan Dəli çayında qısa müddətli sel yaranıb, çay məcrasından çıxıb. Nəticədə çayın sağ və sol sahilində olan 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15-ə yaxın evin birinci mərtəbəsinə su dolub, xeyli sayda ev quşları tələf olub, kəndin yaxınlığındakı fındıq bağları sel suları altında qalıb. Çayın kənarında olan və Mazıx kənd sakininə məxsus "VAZ 2106" markalı maşını sel suları aparıb. Sakin: "Gecədən yağış yağır. Yoldaşım səhərə kimi vedrələrlə suyu daşıyıb atıb. O biri otaqlar da pis vəziyyətdədir". Leysan yağışları nəticəsində rayonun Mamrux, Höytala, Yolayrıc və Maqov kəndlərində də bir sıra evlərin həyətyanı sahələrini yağış suları basıb, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib. Zaqatala rayon Fövqəladə Hallar Komisiyasının əməkdaşları gecə saatlarından başlayaraq Mazıx və digər kəndlərdə yaranan problemlərin həlli istiqamətində işlər aparır, sakinlərə və kəndlərə dəymiş ziyan hesablanır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar