ABL Yaz Kuboku 2017/2018, 2-ci tur: İlk 1/8 finalçılar, debütantların ilk qələbələri və müəmmalı qol yağışı (FOTO/VİDEO)


Digərləri 16 Apr 2018 15:39:26 279 0

ABL Yaz Kuboku 2017/2018, 2-ci tur: İlk 1/8 finalçılar, debütantların ilk qələbələri və müəmmalı qol yağışı (FOTO/VİDEO)

Həftə sonu ABL Yaz Kuboku 2017/2018 Qrup mərhələsinin növbəti ikinci turunun oyunları keçirilib.

Bakı. Həftə sonu ABL Yaz Kuboku 2017/2018 Qrup mərhələsinin növbəti ikinci turunun oyunları keçirilib. Trend-in məlumatına görə, maraqlı nəticələrin qeydə alındığı bu turda, həmçinin bəzi suallara aydınlıq gətirilib. E qrupunda növbəti mərhələyə adlayan hər iki komandanın adları artıq məlum olub. İlk oyunda ağır məğlubiyyət alan “İteca Caspian LLC” bu oyuna favorit qismində çıxan “DDLAR Group”la qarşılaşıb və rəqibinə çətin anlar yaşadıb. Hesabda 2-0 önə keçən “İteca Caspian LLC” hətta fasiləyə 3-2 hesablı üstünlüklə yollanıb, lakin ikinci hissədə bu üstünlüyü əldən verib və minimal fərqlə məğlub olub, 3-4. Bununla da komanda növbəti mərhələyə çıxmaq şansını itirib. Digər matçda ilk oyunda böyük hesablı qələbə qazanan “Polat Yol” bu dəfə də oxşar nəticəyə imza atıb. “TreMiDa Press”in qapısından 10 top keçirən “Polat Yol” rəqibinin növbəti mərhələ çıxmaq ümidlərinə son qoyub. Mətbuatçılar yalnız hesab 10-0 olduqdan sonra prestij qolunu vurmağa nail olublar. Oyun 10-1 hesabı ilə yekunlaşıb və Şirin Kərimov het-trikin müəllifi olub. Son turda oynanılacaq “DDLAR Group”-“Polat Yol” qarşılaşması qrupun liderini müəyyənləşdirəcək F qrupunda “Azersun” komandası “VTB” ilə qarşılaşmada rəqibini 9-1 hesabı ilə darmadağın edib. Komandanın 9 qoluna cəmi üç oyunçu imza atıb və bombardir Eyyub Əfəndiyev bu dəfə inanılmaz sayda 6 qol vuraraq heksa-trik edib. Bu nəticədən sonra “Azərsun”un da növbəti mərhələdə iştirakını təmin edib. İlk turda rəqibini ağır məğlubiyyətə uğradan “VTB” komandası isə bu dəfə özü ağır məğlubiyyət acısını dadıb. Qrupdakı ikinci matçda “Muğanbank” autsayder “R.İ.S.K. Company”ni məğlub edib. “R.İ.S.K. Company” oyuna fəal başlasa da güclü rəqibinə müqavimət göstərə bilməyib. Oyun 8-3 hesabı ilə başa çatıb. Bu nəticələrdən sonra son turda keçiriləcək “Muğanbank”-“VTB” qarşılaşması güman ki qrup ikincisini bəlli edəcək. G qrupunda oynanılan qarşılaşmada “Azergold” 6-3 hesabı ilə “Gilan Holding”ə qalib gəlib və parallel keçirilən matçın nəticəsinə əsasən “Azergold”un növbəti mərhələyə adlaması rəsmiləşib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Azergold”un oyunçusu Yamin Ağakərimzadə bu dəfə də het-trikə imza atıb. “SilkWay”-“Optimal” matçı birincilərin üstünlüyü ilə keçib. İpəkyolçuların 9-3 hesabı ilə qələbə qazanmasında poker edən Cəlal Səmədov böyük pay sahibi olub. Məğlubiyyətə və növbəti tura çıxmaq şansını itirməsinə baxmayaraq, türnirdə debüt edən “Optimal” komandası ümumilikdə xoş təsir bağışlayıb. H qrupundakı qarşılaşmada birinci turda qələbə qazanan iki komanda üz-üzə gəlib. Bu matçda “TİMSPORT” üzərində qələbə qazanan “Təmiz Şəhər” komandası liderliyə yüksəlib. Qarşılaşma 9-4 hesabı ilə yekunlaşıb. Qalib komandada Vüqar Cəfərov het-trik edib, Şamil Ağamətov isə bir qol vurmaqla yanaşı altı qolun da assistenti olub. Günün ən maraqlı qarşılaşması bu qrupda mübarizə aparan digər iki komanda arasında olub. “Port Baku” və “Təhsil Nazirliyi” futbolsevərlərə qarşılıqlı hücümlarla və qollarla zəngin oyun izlədiblər. İlk turda məğlub olmuş hər iki komandanın mübarizəsində turnirin debütantı “Təhsil Nazirliyi” 7-5 hesabı ilə qələbə qazanıb. “Port Baku”da Murad İskəndərli, “Təhsil Nazirliyi”ndə isə Savalan Əlizadə het-trik ediblər. “Təhsil Nazirliyi” bu nəticəylə bir ilkə imza atıb. Belə ki, debütant komandalar arasında ilk qələbə qazanan komanda məhz onlar olublar. Hazırda dörd komandanın da növbəti mərhələyə adlamaq şansı var və qrupda hər şey son turda aydınlaşacaq. Oyunların ikinci günü əvvəlcə A qrupunun komandaları meydana çıxıblar. “Azecolab” “Bakcell” ilə matçda çox inamlı təsir bağışlayıb. Komanda güclü qolkiperə və texnikalı oyunçulara malikdir, oyun boyu topa nəzarət edir, oyunçular texnikalı fəndləri ilə izləyicilərə gözə xoş görünən futbol nümayiş etdirirlər. “Azecolab” bir daha turnirin favoriti olduğunu isbat edərək 5-2 hesabı ilə qələbə qazanıb və növbəti mərhələyə çıxıb. Elvin Əlizadə və Sənan Zülfüqarov dubl ediblər, Samir Bayramov üç qolun assistenti olub. Məğlubiyyətə baxmayaraq, oyunda hesabı məhz “Bakcell” açıb və rəqib qapısı önündə təhlükəli epizodlar yaradıb, lakin “Azecolab”ın qapıçısı Kamran Dadaşov komandasını dəfələrlə qoldan xilas edib. Digər matçda ilk turda aldıqları məğlubiyyətlərdən sonra qrupda iddialarını davam etdirmək üçün qələbəyə su və hava kimi ehtiyacları olan iki komanda – “KATV1” və “Gənclər və İdman Nazirliyi” qarşılaşıblar. Meydançada son saniyəyə qədər gərgin və maraqlı futbol nümayiş olunub. Nazirlik komandası ilk 11 dəqiqəni 2-0 hesabı ilə öndə tamamlayıb, sonradan üstünlüyünü əldən verərək əvvəlcə qapısında 4 qol görüb, bir dəqiqə sonra hesabdakı fərqi minimuma endirib, 4-3. Son dəqiqələrdə hesabı bərabərləşdirmək üçün bütün komanda ilə irəli atılan “Gənclər və İdman Nazirliyi” hücümdan yararlana bilməyib, topu ələ keçirən “KATV1” isə əks-hücüm təşkil edərək oyunda son nöqtəni qoyub, 5-3.