SOCAR: Ölkə üzrə neft hasilatı 2.4, qaz hasilatı isə 5.2 faiz artıb


Digərləri 16 Apr 2018 11:29:30 234 0

SOCAR: Ölkə üzrə neft hasilatı 2.4, qaz hasilatı isə 5.2 faiz artıb

2018-ci ilin yanvar-mart aylarında ölkə üzrə neft hasilatı 2,4%, qaz hasilatı isə 5,2% artıb.

Bakı. 2018-ci ilin yanvar-mart aylarında ölkə üzrə neft hasilatı 2,4%, qaz hasilatı isə 5,2% artıb. Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. SOCAR üzrə hasilatda müsbət dinamikanın əldə olunması qazma işlərinin artırılması ilə yanaşı, mövcud quyuların effektli istismar edilməsi və fəaliyyətsiz quyuların bərpası ilə bağlıdır. 2018-ci ilin yanvar-mart aylarında SOCAR neft və qaz hasilatının sabit saxlanılması üzrə kompleks tədbirlərin icrasını davam etdirib. SOCAR üzrə aparılan qazma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% (planda nəzərdə tutulan hədəf göstərici ilə müqayisədə 13%) artıb. Nəticədə SOCAR tərəfindən qazılan 15 quyu üzrə qazmanın həcmi təqribən 40,5 min metr təşkil edib. Bundan əlavə, SOCAR-ın birgə müəssisələri tərəfindən 13 quyu qazılıb. İstismar edilən quyularda geoloji-texniki tədbirlər aparılıb, 66 fəaliyyətsiz quyu istismara qaytarılıb. Bu tədbirlər nəticəsində 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq 1,8 milyon ton təşkil edib. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1,6 milyard kubmetr təşkil edib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% artıb. Yanvar-mart aylarında ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq, 9,7 milyon ton, qaz hasilatı isə ötən ilin analoji dövrünə nisbətən 5,2% artaraq, 7,3 milyard kubmetr təşkil edib. Qeyd edək ki, hasilat artan xətt üzrə inkişaf edib, artımının böyük hissəsi mart ayına təsadüf edib. Belə ki, mart ayında respublikada neft hasilatı üzrə 5,8%, qaz hasilatı üzrə isə 12% artım qeydə alınıb. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib: “Uğurlarımızın davamlı olması üçün SOCAR strateji əhəmiyyətli yataqlarda kompleks tədbirlər planını həyata keçirir. Aparılan tədbirlər sırasında qazma proqramının intensivləşməsi, idarəetmə sisteminin təkmilləşməsi, o cümlədən qərarvermə və risklərin idarəedilməsinin daha da optimallaşması kimi məsələlər mühüm yer tutur. Azərbaycan neftçilərinin tarixi təcrübəsi və yüksək peşəkarlığı bu proseslərin uğurlu həyata keçirilməsi üçün münbit zəmin yaradır".