Şamaxıda sürüşmə aktivləşməkdədir, daha 5 ev köçürülə bilər


Digərləri 16 Apr 2018 09:11:00 239 0

Şamaxıda sürüşmə aktivləşməkdədir, daha 5 ev köçürülə bilər

Şamaxı rayonunda sürüşmə sahəsində aktivlik müşahidə olunmaqdadır.

Bakı. Samir Əli - Şamaxı rayonunda sürüşmə sahəsində aktivlik müşahidə olunmaqdadır. Bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, şəhərin 48a məhəlləsində sürüşmə davam etməkdədir: "Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baş çəkib, akt tərtib edilib. Hazırda ərazidəki 7 evdə yaşayan ailələr başqa əraziyə köçürülüb. Həmin evlərdən 1-i tam yararsız vəziyyətdədir, 6-sı isə yaşamaq üçün təhlükəlidir. Ərazidə hazırda 5 evdə yaşayış var. Həmin 5 ev qəzalı vəziyyətdə olmasa da, çatlar var. Onlar nəzarətdə saxlanılırlar. Əgər sürüşmə sahəsində ciddi aktivlik olsa, həmin ailələr də oradan köçürüləcək". İcra Hakimiyyətindən bildiriblər ki, ərazidən köçürülən ailələrə sığınacaq verilməyib: "Onların əksəriyyəti gənc ailələrdir və valideynlərinin evlərinə köçüblər".