Suriyaya raket zərbələri: Trampın sirləri


Dünya 15 Apr 2018 20:13:00 311 0

Suriyaya raket zərbələri: Trampın sirləri

Kreml ABŞ-ın və müttəfiqlərinin Suriyadakı obyektlərə zərbələrinin hədəfləri barədə məlumatı Dəməşqə, Tehrana, həmçinin Suriyada fəaliyyət göstərən "Hizbullah" qruplaşmasına ötürüb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu məlumatı "Əl-Cəzirə" nəşri yayıb.

Həmin mənbəyə istinad edən "NEWSru Israel" saytı qeyd edir ki, "Əl-Cəzirə" mütəmadi olaraq sonradan təsdiqini tapmayan xəbərlər dərc edir. Bununla birlikdə, İsrail saytı hesab edir ki, əvvəlcədən xəbərdarlıq faktı "demək olar ki, şübhə doğurmur". ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri tərəfindən Suriyadakı hədəflərə zərbənin endirilməsinə bir neçə gün qalmış Rusiyanın hərbi gəmiləri Tartus limanını tərk etmişdi. Hmeymim və Tartus bazalarını qoruyan Rusiya hava hücumundan müdafiə vasitələri işə salınmadı. Kütləvi raket zərbəsi nəticəsində heç bir rusiyalı xəsarət almadı.

Fəqət "Əl-Cəzirə" iddia edir ki, zərbənin hazırlanması barədə əlaqələr bununla məhdudlaşmayıb. İranın "Qüds" qüvvələrinin komandanlığındakı mənbə xəbər verir ki, ABŞ prezidenti Donald Tramp şəxsən telefonla Rusiya prezidenti Vladimir Putini Suriyadakı hədəflər və zərbənin endirilməsi vaxtı barədə məlumatlandırıb. Məlumatda deyilir ki, bu söhbətdən sonra Moskva Dəməşq, Tehran və Livan "Hizbullah"ı ilə qüvvələrinin zərbələrin endiriləcəyi rayonlardan çıxarılmasını razılaşdırıb.

Elə həmin mənbəyə görə, rusiyalılar "son anda" öz müttəfiqlərini amerikalılarla anlaşma barədə xəbərdar ediblər və bildiriblər ki, bu zərbəyə qarşılıq verməyəcəklər. Xəbərdə qeyd olunur ki, İran və Suriya bu qərardan narazı qalıblar. Moskva isə əlavə edib ki, bu, "böhrandan yeganə çıxış yoludur".