1 manata görə oğul atasını baltaladı...


Kriminal 15 Apr 2018 15:30:00 247 0

1 manata görə oğul atasını baltaladı...

Övladının intiharından sonra əsəbləri korlanan ailə başçısı çıxış yolunu spirtli içkiyə qurşanmaqda görüb. Ailəsinə, doğmalarına içki şüşəsinin arxasından boylanıb, getdikcə daha da həyatın dibinə çöküb...

Qurban bayramı günü arvadından bir manat araq pulu istəyən Qadir Cahangirov növbəti insident zamanı özünü və 70 yaşlı atasını içkiyə qurban verib. Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Şamaxı rayon sakini, 46 yaşlı Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il sentyabrın 3-də Şamaxı şəhəri, Vidadi Məmmədov küçəsi, ev 22 ünvanında baş verib. Q.Cahangirov aralarında baş verən dava zamanı 70 yaşlı atası Arif Cahangirovu xüsusi amansızlıqla qətlə yetirib.

Baş və bədən nahiyələrindən ağır xəsarətlər alan yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İttihama görə, qətl hadisəsinə sərxoş vəziyyətdə olan Qadirin yenidən spirtli içki almaq üçün arvadından 1 manat pul istəməsi səbəb olub. Arvadının pul verməməsindən əsəbləşən ər evdəki əşyaları sındırıb. Səs-küyə gələn, oğlunu sakitləşdirməyə çalışan Arif Cahangirov Qadirin balta zərbələrinə tuş gəlib. Törətdiyi cinayət əməlinə görə Q.Cahangirova Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Qadir Cahangirov ifadəsində 2012-ci ildə qızı Mahirə intihar etdikdən sonra əsəblərinin korlandığını, o vaxtdan etibarən içkiyə qurşandığını göstərib. Hadisə baş verən gün oğlu çörəkbişirmə sexinə, arvadı ilə bacısı isə xadimə işlədikləri məktəbə gediblər. Evdəki arağı dovğa ilə içməyə başlayıb. Axşamtərəfi arvadı Yeganədən araq pulu istəyib:

"Yeganədən bir manat istədim. Dedi ki, sabah Bakıda yaşayan qızımgilə qonaq gedəcəyik, pul lazımdır. Həmçinin, qızımın qaynanasının dindar olduğunu deyib, arağa pul verməkdən imtina etdi. Buna görə mübahisəmzi düşdü, qışqır-bağır saldım. Atam yanıma gəlib Qurban bayramı günü araq içdiyimə görə məni danladıqda əsəbləşib onu da itələdim. Atam həyətin baş tərəfindəki talvara tərəf getdi. Həmişəki kimi ya çubuq, ya da dəmir parçası alıb üstümə gələcəyini bilirdim. Ona görə daxmaya qaçdım ki, balta götürüm. Bacım qarşımı kəsmək istədikdə onu itələyib yıxdım, odun doğradığımız baltanı daxmadan götürdüm. Atam əlində dəmir boru giriş qapısında dayanmışdı. Baltanın kəsici hissəsi ilə onu başından vurdum. Zərbənin təsirindən yerə yıxıldı, başından qan axmağa başladı".