Politoloq: ATƏT DTİHB-nin seçkilərlə bağlı rəyi təxribat xarakterli yanaşmadır


Digərləri 15 Apr 2018 08:27:40 237 0

Politoloq: ATƏT DTİHB-nin seçkilərlə bağlı rəyi təxribat xarakterli yanaşmadır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatı reallığı əks etdirmir.

Bakı. Elçin Mehdiyev - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatı reallığı əks etdirmir və obyektivlikdən tamamilə kənardır. Bunu Trend-ə politoloq Fikrət Sadıqov deyib. F.Sadıqov bildirib ki, ümumiyyətlə, ATƏT DTİHB-nin müşahidə missiyasının şablon bir yanaşması var: “Onlar seçim edən xalqı demək olar ki, təhqir edirlər. Onlar müəyyən trafaretlə işləyirlər, yəni ümumi müsbət mühiti görməzdən gələrək, seçicilərin iradəsini nəzərə almayaraq, seçki məntəqələrindəki mühiti inkar edərək çıxış edirlər”. Politoloq vurğulayıb ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı rəyi təxribat xarakterli yanaşmadır: “Biz təbii ki, belə bir yanaşmanı qəbul edə bilmərik. ATƏT DTİHB missiyasının üzvləri uzun illərdir ki, bu cür mövqe nümayiş etdirirlər, həmişə Azərbaycana seçkilərə gələndə hazır hesabatlarla gəliblər və bu dəfə də belə oldu. Hesab edirəm ki, Büroya qarşı ciddi mübarizə aparmalıyıq”. Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub. Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.