Mədə kiçiltmə əməliyyatına hər xəstə gedə bilməz


Digərləri 14 Apr 2018 22:51:00 314 0

Mədə kiçiltmə əməliyyatına hər xəstə gedə bilməz

Tibbi ekspert: "Mədəkiçiltmə əməliyyatına yalnız dieta saxlamaq ilə arıqlamağı mümkün olmayan xəstələr gedə bilər"

Son zamanlar mədə kiçiltmə əməliyyatı dünya ölkələri ilə yanaşı Azərbaycanda da geniş vüsət alıb. İndi artıq çəkili insanlar dieta və idman etmədən, daha asan yolla - mədələrini kiçiltdirməklə arıqlamaq istəyirlər.

Maraqlıdır, bu əməliyyat hansı hallarda, hansı şəxslərə tətbiq olunur? İstənilən şəxsdə bu əməliyyat həyata keçirilə bilərmi? Artıq çəkidən xilas olmaq üçün bu əməliyyatı tərcih edənləri əməliyyat zamanı, həmçinin gələcəkdə hansı risklər, problemlər, fəsadlar gözləyir?

Bariatrik cərrah Aslan Abdulla bildirib ki, mədə kiçiltmə əməliyyatı piylənmə xəstəliyini müalicə etməyin bir üsuludur: "Piylənmə xəstəlikdir və onu dieta ilə müalicə etmək artıq mümkün olmur. Bəzən isə piylənmə baş verən insanlar dietanı belə sona kimi saxlaya bilmirlər. Əksinə, dietadan sonra çəkiləri daha da artır. Təbii ki, artıq çəki də insanda bir çox xəstəliklərə - şəkərli diabet, yüksək qan təzyiqi, təngnəfəsliyə və s. səbəb olur. Piylənmə bir xəstəlik olduğu üçün müalicə taktikaları var və mədə kiçiltmə əməliyyatı da onlardan biridir".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, A.Abdullayevin fikrincə, dünya tibbində geniş yayılıbsa, deməli bu əməliyyat insan üçün heç də təhlükəli deyil: "Mədə kiçiltmə əməliyyatını cərrahlar tətbiq edir. Təbii, bütün əməliyyatların riski var. Bu əməliyyatda isə risk appendisit əməliyyatında olan risk qədərdir. Sadəcə peşəkar həkim olarsa, düzgün əməliyyat aparılarsa, heç bir problem olmaz".

"Eyni zamanda xəstədən də çox şey asılıdır. Xəstə daşıdığı bütün xəstəliklər barədə əməliyyatdan öncə həkimə bildirməlidir. Həkimin bilmədiyi hər hansı problem olarsa, bu, sonradan böyük problemlərlə, hətta ölümlə belə nəticələnə bilər. Azərbaycanda olmasa da, Türkiyədə əməliyyat zamanı xəstə ölüb", - deyə cərrah əlavə edib.

Həkim qeyd edib ki, bu gün mədə kiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır: "Amma bu, belə deyil. Bariatrik əməliyyatın məqsədi xəstələri şəkərli diabet, piylənmə, cinsi zəiflik, oynaq ağrıları, qan təzyiqi kimi xəstəliklərdən qurtarmaqdır. Bir sözlə, piylənmədən əziyyət çəkən xəstələrin normal həyat tərzinə geri dönmələri üçün edilən əməliyyatdır".

Cərrah vurğulayıb ki, bariatrik əməliyyat ancaq xüsusi göstəriş olan xəstələrdə həyata keçirilir: "Bəzi insanlar dieta saxlamadan bir neçə kilo çəki atmaq üçün bu əməliyyata üz tuturlar. Ancaq biz hər xəstənin mədəsini kiçiltmirik. Bu gün bizə müraciət edən 10 xəstədən 8-ni geri göndəririk. Çünki həqiqətən də mədəsinin kiçilməsinə ehtiyac olan xəstələri əməliyyat edirik. Çünki belə insanlara başqa yolla kömək etmək mümkün deyil".

Tibbi ekspert Rasif Bağırov da deyib ki, mədə kiçiltmə əməliyyatını yalnız piylənmə zamanı etmək olar: "Mədə artıq o qədər genişlənir ki, xəstə dieta saxlasa da, mədəsi əvvəlki formasını ala bilmir".