Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi?


Digərləri 14 Apr 2018 19:23:00 274 0

Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi?

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan olunanda, bu hadisədən bir gün əvvəl dağılmış Zaqafqaziya Seyminin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il iyunun 17-də, bir gün əvvəl Tiflisdən Gəncəyə köçmüş Milli Şura öz qanunvericilik səlahiyyətlərini 6 ay müddətinə Fətəli Xan Xoyskinin başçılıq etdiyi müvəqqəti hökumətə həvalə etmək barədə qərar gəbul edir.

Bu cür qərarın verilməsinə səbəb ölkədə həmin dövrdə yaranmış ağır iqtisadi və siyasi şərait və davam edən hərbi münaqişə olmuşdu.

Yayın qalan ayları ərzində Baş nazir Xoyski və onun müvəqqəti hökuməti həm icraçı həm də qanunverici orqan kimi fəaliyyət göstərib.

1918-ci il sentyabrın 15-də Osmanlı Türkiyə və azərbaycanlı hərbçilərdən ibarət ordu (Qafqaz İslam Ordusu) Bakıya daxil olur.

İki gündən sonra müvəqqəti hökumət Gəncədən Bakıya köçür. Bununla da paytaxt, ölkənin qalan hissəsinə qovuşur.

İyun ayında elan olunmuş ilkin plana görə, Milli Şura və hökumət yeni respublikanın yeni konstitusiyasını yazmalı və Müəssislər Məclisinə seçkilərin keçirilməsini təşkil etməli idi.

Lakin müvəqqəti hökumət bu yolla addımlamadı.

Qafqaz İslam Ordusu Bakıya girdikdən iki gün sonra, müvəqqəti hökumət Gəncədən Bakıya köçür (Arxiv: Bakı, avqust 1919)

Onların 2 ay ərzində yeganə nailiyyəti, Milli Şuranın ilk 44 üzvünü yığmaq oldu.

Respublika konstitusiyasız fəaliyyət göstərməli oldu.

Azərbaycan hökuməti Müəssislər Məclisini yaratmaq istəyirdimi? Görünür ki, istəyirdi.

Fətəli Xan Xoyski qeyd edib ki, "hələ Bakı alınmadan iki gün əvvəl Gəncədə komissiya təşkil edildi ki, Məclisi-Müəssisan dəvətinə hazırlıq işləri görsün."

Lakin elə həmin Xoyski bunu da yazıb: "Şəhər alınandan sonra da [Müəssislər Məclisini] dəvət etmək və hazırlaşmaq mümkün deyil idi".

Onda, görəsən, Xoyski hökuməti nəyə görə sentyabrın 13-də Gəncədə komissiya formalaşdırır və Bakı azad olunduqdan 2 ay sonra da gözləyir və belə mühüm məsələ ilə bağlı heç bir addım atmır?

Bunun bir səbəbi həmin dövrün xaoslu günləri ilə bağlı ola bilər.

Eyni zamanda, mümkündür ki, Müəssislər Məclisinin çağrılması və konstitusiyanın yazılması ciddi siyasi faktorlara görə yubadılıb.

Osmanlı Türkiyənin dəstəyi hesabına Azərbaycan Antantaya qarşı dayanan Mərkəzi Dövlətlər ittifaqının (Dördlər İttifaqı: Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları və Bolqarıstan çarlığı) üzv-ölkələrinə daha yaxın idi.

Əlimərdan bəy Topçubaşov və Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan nümayəndə heyəti Dördlər İttifaqı ölkələri və Zaqafqaziya dövlətlərinin qatıldığı beynəlxalq konqresdə iştirak etmək üçün artıq İstanbulda idi.

Əlimərdan bəy Topçubaşov İstanbulda Dördlər İttifaqı ölkələri və Zaqafqaziya dövlətlərinin qatıldığı beynəlxalq konqresdə iştirak edir.

Azərbaycan nümayəndələri ümid edirdilər ki, Osmanlı Türkiyənin müttəfiqləri Almaniya və Avstriya-Macarıstan onların yeni dövlətini keçirilən danışıqlardan sonra tanıyacaq.

Xoyski qeyd edirdi ki, "Məclisi Müəssisan əsas qanun qoymaq üçündür. Böylə bir məclisə malik olmaq üçün qabaqca Azərbaycan istiqlalının dövlətlər tərəfindən qəbul və təsdiq edilməsi lazım idi".

Beləliklə, onlar yeni dövlətin tanınmasını gözləyərək, Müəssislər Məclisi ilə bağlı işləri yubadırdılar.

1918-ci ilin oktyabrın 7-də Azərbaycan nümayəndə heyətinə aydın oldu ki, Mərkəzi Dövlətlər itifaqı tərəfindən tanınma mümkün deyil. Buna səbəb Almaniyanın Birinci Dünya Müharibəsində məğlubiyyəti oldu.

Amma mümkündür ki, Bakıdakı hökuməti noyabr ayının ortasınadək heç bir addım atmamağa məcbur edən başqa amillərdə olub.

İş orasındadır ki, Müəssislər Məclisi yaradılandan dərhal sonra qarşısında duran bir nömrəli məsələ konstitusiyanı yazmaqdır. Başqa sözlə, yeni dövlətin quruluşu, üsül -idarəçiliyi müəyyən olunmalı idi.

O zaman isə Azərbaycanın siyasi elitalarında sosialistlərdən tutmuş mühafizəkarlaradək, müxtəlif siyasi partiya və ideologiyaların nümayəndələri təmsil olunmuşdu.

Bunların hamısına hökmranlıq etmiş Rusiya monarxiyası bu yaxınlarda süqut etmişdi. 1917-ci ilin fevralından bəri Rusiya respublikaya çevrilmişdi.

Azərbaycanlılar başda parlamenti olan respublikaya meyl göstərirdilər.

İstanbulda Enver Paşa hökuməti Azərbaycanı müstəqil və güçlü görmək istəyirdi, lakin onlar Azərbaycanın parlament respublikasına çevrilməsini qəbul etməyə hazır deyildi.

Türklər o zaman hələ də konstitusiyalı monarxiya üsul idarəsi şəraitində yaşayırdılar.

Bu sistem ölkədə hakimiyyətin parlamentlə monarx arasında paylaşılmasını nəzərdə tutur.

Bu mənada, İstanbulla müqayisədə Bakıdakı siyasi həyat daha inkişaf etmiş və mütərəqqi idi.

Böyük ehtimalla güman etmək olar ki, iki müttəfiq arasında bu yanaşma fərqi Müəssislər Məclisinin yaradılmasını yubadıb.

Respublika quruluşu üçün nəzərdə tutulmuş Konstitusiyanın yazılması iki hökumət arasında böhranın yaranmasına gətirib çıxara bilərdi.