Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tunelinin inşası başa çatmaq üzrədir


Digərləri 14 Apr 2018 12:39:11 284 0

Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tunelinin inşası başa çatmaq üzrədir

Tunelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır.

Bakı. Samir Əli - Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətində dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, daha dəqiqi Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tunelinin inşası yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Agentlikdən Trend-ə verilən məlumata görə, tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər biri 4.5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11.5 təşkil edəcək. Tikinti layihəsinə uyğun olaraq, tunelin prospektin altından keçməsi üçün svay vurma və qazıntı işləri tam olaraq yekunlaşdırılıb, qazılmış tunelin üstü betonlanaraq asfaltlanıb, tunelin içərisində kanalizasiya-drenaj xətləri çəkilib, yaxınlıqdan keçən yüksək təzyiqli kommunikasiya borularının üzərindən 1 aşırımlı və 21 metr uzunluğunda körpü inşa edilib. Hazırda ərazidə layihənin sonuncu mərhələsi həyata keçirilir. Belə ki, tunelin içinin və çölünün üzlənməsi, tunel və yanaşma yolların torpaq yatağının kipləşdirilməsi, tunel çıxış hissəsinin yanından keçməklə “Sabunçu yol qovşağı”na qalxan köməkçi yolun inşası işləri davam etdirilir. Köməkçi yolun uzunluğu 700 metr, eni isə 9 metr təşkil edir. Bu yolun köməkliyi ilə Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər və tuneldən çıxan sürücülər sözügedən yol hissəsi vasitəsi ilə rahat və maneəsiz şəkildə “Sabunçu yol qovşağı”na daxil ola biləcəklər.