ABŞ, İngiltərə və Fransadan Suriyaya hücum Dəməşq sakinləri Əsədə


Dünya 14 Apr 2018 10:08:00 360 0

ABŞ, İngiltərə və Fransadan Suriyaya hücum  Dəməşq sakinləri Əsədə

ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, ABŞ Suriyadakı 3 hədəfə 100-dən çox raket atıb. Hücum nəticəsində 6 mülki vətəndaş yaralanıb.

Dəməşq sakinləri küçələrə çıxaraq Bəşər Əsədə dəstək olub, hücuma etiraz ediblər.

"Mən ABŞ Silahlı Qüvvələrinə kimyəvi silah potensialı ilə bağlı obyektlərə yüksək dəqiqliklə zərbələr vurmağı əmr etmişəm. Hazırda Fransa və Birləşmiş Krallığın Silahlı Qvvələri ilə birgə əməliyyat həyata keçirilir", - ABŞ prezidenti Donald Tramp Ağ Evdə hücumla bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dəməşq kimyəvi silahdan istifadəni dayandırmayana qədər ABŞ Suriyaya qarşı "milli gücünün bütün vasitələrindən" istifadə etməyə hazırdır.

Suriya hökumətinin açıqlamasında hücumun beynəlxalq hüquqa zidd olduğu və hücuma məruz qalan aviabazaların əvvəlcədən boşaldıldığı qeyd olunub.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ABŞ tərəfindən atılan mərmilər Rusiya hava qüvvələrinin müdafiə etdiyi ərazilərə düşməyib.

NATO-nun baş katibi Yens Stoltenberq hücumu dəstəklədiyini söyləyib.

"ABŞ, İngiltərə və Fransa tərəfindən Suriyaya qarşı atılan addımları dəstəkləyirəm. Bununla "rejim"in Suriya xalqına qarşı kimyəvi silahdan istifadə qabiliyyəti azalacaq".

İran Xarici İşlər nazirliyinin verdiyi məlumatda Suriyaya edilən hücum qınanılıb və nəticələr barədə xəbərdarlıq edilib.

Sputnikin Dəməşq şəhərindəki müxbiri bildirib ki, hücum zamanı prezident administrasiyası və başqa hökumət binaları vurulmayıb.

Qeyd edək ki, BBC-nin yaydığı məlumatda Şərqi Quta bölgəsinin müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsi Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfərin öldüyü deyilir.

Rusiya Müdafiə Nazirliyi və Suriya höküməti Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.

Bəxtiyar Umarlı Son.az


Xəbərə aid fotolar