17 nəfər imtahana gəlmədi


Digərləri 13 Apr 2018 18:20:00 298 0

17 nəfər imtahana gəlmədi

Dövlət İmtahan Mərkəzi 2018-cı il aprelin 1-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbulun baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanını keçirib.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 1092 namizəddən 17 nəfəri imtahana gəlməyib, 1 namizəd isə imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. İmtahanda 605 namizəd (ATU-nun hərbi tibb fakültəsinə sənəd verənlər istisna olmaqla) müsabiqə şərtini ödəyib (40 və daha çox bal toplamış) və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ qazanıb. Ən yüksək nəticə (toplanılması mümkün olan 100 baldan) müalicə işi, pediatriya istiqaməti üzrə 84 bal, stomatologiya istiqaməti üzrə 73 bal, tibbi profilaktika istiqaməti üzrə 75 bal olub.

Namizədlərə baza fənləri - insan anatomiyası, histologiya, insan fiziologiyası, patologiya (patoloji anatomiya, patoloji fiziologiya), mikrobiologiya,  farmakologiya və  biokimya - üzrə 100 test tapşırığı təqdim olunub. İmtahanda istifadə olunan 100 (yüz) test tapşırığından 10-u (İnsan fiziologiyası fənni və Patologiya bloku üzrə) açıq formalı (hər blok üzrə ayrılıqda 2-si uyğunluğun müəyyən edilməsini tələb edən, 3-ü isə seçim tipli) olub. Namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilmiş, səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərməyib.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) Bakı və Naxçıvan şəhərlərində iyulun 8-də keçiriləcəkdir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün namizədlər iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər.

İstiqamətlər üzrə 40 VƏ DAHA ÇOX BAL TOPLAYANLARIN SAYI*

İstiqamətlər

2017-ci il

2018-ci il

Fərq

(nəfər)

I.     Müalicə işi, pediatriya

547

502

-45

II.  Stomatologiya

34

31

-3

III.           Tibbi profilaktika

50

72

22

İmtahanda iştirak edənlərin ümumi sayı

1065

1074

9