Avstriyada “Uçan xalça” sərgisi açılıb FOTO


Kriminal 13 Apr 2018 18:18:38 306 0

Avstriyada “Uçan xalça” sərgisi açılıb  FOTO

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən "Uçan xalça" sərgisinin açılışı olub. Sərginin təşkilatçıları ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.

Açılış mərasimində Vyanada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycanın Avstriyadakı səfirliyinin təmsilçiləri, Azərbaycan Xalça Muzeyi, Vyana Tətbiqi Sənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərləri, incəsənət xadimləri, ekspertlər və sənətsevərlər iştirak ediblərlər.

Tədbiri giriş sözü ilə açan Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova iki ölkənin ali təhsil müəssisələri arasındakı məhsuldar əməkdaşlığı, tələbə mübadiləsini, birgə layihə və sərgilərin təşkilini yüksək qiymətləndirib. Rəhbərlik etdiyi qurumun Avstriyada təkcə Azərbaycan mədəniyyət və incəsənətini təbliğ etməklə kifayətlənmədiyini vurğulayan mərkəzin rəhbəri hər iki ölkənin incəsənət xadimləri, xüsusilə də gənc sənətçilər və tələbələr arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin diqqət mərkəzində dayandığını bildirib. Məhz bunları nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi böyük məmnuniyyətlə "Crossing" ("Kəsişmə nöqtəsi") kreativ incəsənət layihəsini dəstəkləyib.

L.Qasımova qeyd edib ki, rəhbərlik etdiyi mərkəz gələcəkdə də Azərbaycan və Avstriya arasında mədəni körpünü möhkəmləndirməyə xidmət edən bu kimi layihələrdə yaxından iştirak edəcək.

Layihə haqqında danışan Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirib ki, muzey tərəfindən keçən ilin oktyabr ayında Bakıda "Ənənələr və innovasiyalar" mövzusunda Azərbaycan xalçası üzrə V Beynəlxalq Simpozium təşkil olunub. "Bu tədbir ölkəmizin mədəni həyatında böyük və əlamətdar hadisə olaraq tarixə yazıldı. Simpozium Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən keçirilib. Mötəbər tədbirə qatılmaq üçün dünyanın qabaqcıl xalça və tekstil üzrə ekspertləri, rəssamlar, kolleksiyaçılar, jurnalistlər və s. Azərbaycana təşrif buyurublar. Simpozium Azərbaycan xalça sənətinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunmasından sonra keçirilən ən mühüm hadisələrdən biri oldu. Beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar Xalça Muzeyi "Ənənələr və innovasiyalar" mövzusunda bir sıra layihələr hazırlamışdır. Onların sırasında "Uçan xalça" sərgisi xüsusi olaraq təqdirəlayiqdir".


Xəbərə aid fotolar