Bolqarıstan KİVi Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticəsindən yazıb FOTO


Digərləri 13 Apr 2018 16:53:00 276 0

Bolqarıstan KİVi Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticəsindən yazıb  FOTO

Bolqarıstanın nüfuzlu media qurumları olan "Fokus" Xəbər Agentliyi, "Standart" qəzeti, Bolqarıstan Teleqraf Agentliyi 2018-ci ili 11 aprel tarixində Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı silsilə xəbər və məqalələr dərc edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Fokus" Xəbər Agentliyinin internet səhifəsində dərc olunan "Azərbaycan prezident seçkilərini Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisinin üzvləri də daxil olmaqla, təxminən 20 Bolqarıstan müşahidəçisi izləyib" sərlövhəsi ilə verilən xəbərdə seçki prosesi və nəticəsi barədə müfəssəl məlumat verilib. 5 milyon 332 min 817 seçicidən 3 milyon 962 min 123 nəfərinin səsvermədə iştirak etdiyi və seçici fəallığının 74,30% təşkil etdiyi bildirilən xəbərdə seçicilərin 51%-nin qadınlar olduğu, 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilmiş seçkinin 60000 yerli və beynəlxalq müşahidəçilər tərəfindən heç bir maneə olmadan müşahidə olunduğu qeyd olunub. Prezident seçkilərini müşahidə etmək üçün dünyanın aparıcı KİV-ləri də daxil olmaqla, 118 xarici jurnalistin Azərbaycana səfər etdiyini xatırladan Agentlik Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 1000 veb-kamera vasitəsilə "online" rejimdə səsvermə prosesini birbaşa izləmək imkanını yaratdığını vurğulayıb.

Prezident seçkilərini müşahidə etmiş 894 beynəlxalq müşahidəçinin Bolqarıstan Respublikası daxil olmaqla 59 ölkəni və 61 beynəlxalq təşkilatı təmsil etməsindən bəhs edən xəbərdə seçkilərin həmçinin 20-yə yaxın Bolqarıstan müşahidəçisi, o cümlədən müxtəlif siyasi partiyaları təmsil edən Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisinin üzvləri və Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü (Гражданска Инициатива за Свободни и Демократични избори, ГИСДИ) qeyri-hökumət təşkilatının nümayəndələri tərəfindən müşahidə olunduğunu vurğulayıb. Xəbərdə yerli və xarici mətbuata açıqlamalarda beynəlxalq müşahidəçilərin prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq standartlara uyğun olaraq şəffaf və demokratik şəraitdə keçirildiyini bildirdiyi öz əksini tapıb.

Bolqarıstanın nüfuzlu "Standart" qəzeti tərəfindən dərc olunmuş "Əliyevin böyük zəfərinin arxasında Azərbaycanın uğurları var" adlı məqalədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, səsvermə nəticəsində 8 namizəd arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birinci yer tutaraq seçicilərin 86,03% səsini qazandığı vurğulanıb. Seçkilərin nəticələri məlum olandan sonra Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət edərək ona yenidən göstərilmiş böyük etimada görə minnətdarlığını ifadə etdiyi bildirilib. Xəbərdə İlham Əliyevin Azərbaycan Respublikasının uğurlu inkişafı naminə dövlət başçısı kimi son 15 il ərzində apardığı daxili və xarici siyasətin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları və onun rifahının olduğunu qeyd edərək növbəti 7 ildəki fəaliyyətində də sabitlik, təhlükəsizlik, inkişaf və tərəqqi naminə siyasi kursunu davam etdirəcəyini vəd etdiyi ifadə olunub.

Daha sonra Azərbaycanın həyata keçirdiyi trans-regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinə toxunulub, bu nailiyyətlərin sadəcə Azərbaycanın çiçəklənməsi deyil, həmçinin qonşu ölkələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verdiyi və qarşılıqlı faydalı regional əməkdaşlıq üçün yeni imkanlar açdığı vurğulanıb.

Sözügedən xəbər "Standart" qəzetinin həm çap, həm də "online" versiyalarında dərc olunub.

Bolqarıstan Teleqraf Agentliyi tərəfindən dərc olunan xəbərdə seçkinin gedişatı, seçicilərin sayı və tərkibi haqqında məlumat verilərək heç bir maneə olmadan yerli və beynəlxalq müşahidəçilərin prosesi izlədiyi bildirilib və Mərkəzi Seçki Komissiyasının təmin etdiyi veb-kameraların "online" rejimdə müşahidəyə hərtərəfli imkan yaratdığı vurğulanıb. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, seçkidə seçicilərin 86,03% səsini qazanaraq birinci yer tutan Prezident İlham Əliyevin qələbədən sonra Azərbaycan xalqına müraciət edərək böyük etimada görə minnətdarlıq ifadə etdiyi və gələcək fəaliyyətində də Azərbaycanın sabitliyi, təhlükəsizliyi, inkişafı və tərəqqisi naminə çalışacağını vəd etdiyi vurğulanıb. Agentliyin xəbərində son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin nail olduğu uğurlu demokratik inkişaf və sosial-iqtisadi tərəqqidən, eləcə də beynəlxalq səhnədə artan nüfuzundan bəhs olunub, beynəlxalq əlaqələrdə daima etibarlı tərəfdaş olan Azərbaycanın strateji tərəfdaşı olan Bolqarıstan Respublikası və Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinə toxunulub.


Xəbərə aid fotolar