Bəhram Bağırzadə: “Hacı Zeynalabdin Tağıyev bizə şəhər salıb, ona bir heykəl qoymuruq”


Kriminal 13 Apr 2018 13:02:00 356 0

Bəhram Bağırzadə: “Hacı Zeynalabdin Tağıyev bizə şəhər salıb, ona bir heykəl qoymuruq”

Əməkdar artist Bəhram Bağırzadənin "Sözün kodu" verilişinə müsahibə verib.

Son.az APA-ya istinadən həmin müsahibəni təqdim edir:

- Bəhram bəy, təşəkkür edirəm ki, verilişdə iştirak üçün dəvətimizi qəbul etdiniz...

- Mən sizə təşəkkür edirəm. Siz zəng vuranda ki, APA TV-də belə bir gözəl veriliş açılıb və çəkilişlər "Libraff" kitab mağazasında aparılır, dərhal razılaşdım.

- Kitab oxumağa vaxtınız olurmu?

- Fellini deyirdi, istərdim, sutkada iki saat yatım, 22 saat yuxuda gördüklərimi çəkəm. Bu adam 22 saat işləmək istəyirdi. Mən də sutkada iki saat oxumağa çalışıram. İstəyirəm, həmin müddətdə oxuduqlarımı 22 saat həyata keçirim. Oxuduqlarım həyatda mənə lazım olur. İstər, teatrda, istər kinoda, istərsə də KVN-də.

- Yəni özünüz üçün intellektual baza yığıb, istifadə edirsiniz...

- Bəli. Mən iki saat oxuyuramsa, deməli, tələbələr 6-8 saat mütaliə edirlər. Mənim övladlarım gün ərzində minimum altı saat oxuyurlar. Sevinirəm ki, onlar ana dillərində, rus və ingilis dillərində rahat danışa bilirlər. Eyni zamanda kimya, fizika, cəbr, rəssamlıq və fortepiano ilə məşğuldurlar. Bütün bunlar kitabla bağlıdır. Mən son illər kitab naşirliyi edirəm.

- Həm də kitablar müəllifisiniz...

- Özümə müəllif deməyə qorxuram. Çingiz Abdullayev, Natiq Rəsulzadə, Anar olan yerdə özümə müəllif deyə bilmərəm. Amma bir istehsalçı kimi gəlirimin 90 faizi uşaqlarımın təhsilinə gedir. Kitab satılırsa, o vəsaitə yenidən kitab alırıq.

- Ətrafınızda olan insanların kitaba münasibəti sizi qane edirmi? Ümumiyyətlə, cəmiyyətin kitaba münasibəti necədir?

- Bilirsiniz, oxumaq istəyən vaxt da tapır, imkan da. Bu belə olub, belə də olacaq. MDB ölkələrini götürsək, Azərbaycan mütaliəyə görə sonuncu yerlərdə gedirdi. Son illərdə "Libraff" kitab satışı mağazaları açılıb və buna ehtiyac var. Əgər əvvəllər Bakıda rusdillilər daha çox oxuyurdularsa, indi həyat dəyişilib, Azərbaycan sektoru daha çox oxuyur, Azərbaycan dilində kitablar daha çox satılır. İkinci yerdə türk, üçüncü yerdə rus, dördüncü yerdə ingilis dilində kitablar gəlir. Sevindiricidir ki, insanlar xarici dildə də kitablar alırlar. Bu da bizim intellektual səviyyəmizi göstərir. Artıq bizim övladlarımız xarici dilləri bilirlər.

- Gəlin bir qədər keçmişə qayıdaq. Hansı yaşınızdan sonra tanınmağa başladınız?

- Birinci sinifdən. (Gülür). 8 və 10 nömrəli trolleybusda, məktəbdə, avtobusda, metroda  lider idim. Bakı şəhərində məktəblər arasında elə bir dava yox idi ki, orada olmayım. 15 yaşımda otuz minlik stadionda azarkeşlərin yarısı məni tanıyırdı. Mənə dirijor deyirdilər. 15 yaşlı Bəhram iki-üç min tamaşaçını ayağa qaldırırdı. Həm KVN-də oynayırdım, həm Azərbaycan yığmasında həndbol oynamışam, həm də Bakı yığmasında üzgüçülük üzrə üçüncü yeri tutmuşam. İlk iş yerim nəşriyyatda olub. Fəhləliklə başlamışam. 114 rubl maaş alırdım. "Kamaz" 500 kiloluq rulonları gətirirdi, mən yükü boşaldırdım. O vaxt Əbdül müəllim var idi, onun sexinə qədər daşıyırdım. Qəşəng də bədən yığmışdım. Əsl fəhlə bədəni. Yadınızdadırsa, "Yuxu" filmində bir səhnə var: dəniz kənarına Əlabbasın yanına gəlirəm. O vaxt dəbdə olan cinsdə idim, soyunub Əlabbası batırıram. Həmin o cins köynək və şalvar fəhləlik pulu ilə alınmışdı. Ayda iki dəfə maaşımı alıb özümə yaxşı paltarlar və kitablar alırdım. Bunu niyə danışıram? Hər dəfə mətbəəyə girəndə və görəndə ki, fəhlə nəyisə düzgün eləmir, onu başa salıram. Fəhlə də baxır ki, aktyor bunları haradan bilir? Mən də soruşuram, neçə təvəllüdsən, deyir, 1992. Onu başa salıram ki, sənin yaşından qabaq mən fəhləlik edib qurtarmışdım. Mətbəədə kitabın qoxusu hiss edirəm, zəhmətə qiymət verirəm.

- Belə başa düşdüm, öz mətbəənizin müdiri də, fəhləsi də özünüzsünüz...

- Bu kitab iqamətgahında uşaqlar desələr, dur kömək et, inanın Allaha, kitab daşıyaram. "Libraff" tərtib etdiyim testlər kitabının müəlliflik hüququnu alıb, bu yaxınlarda üç dildə çap olunacaq. İndi "Bakı uşaqlar üçün" adlı böyük bir kitab hazırlayıram. Çox istəyirəm, Azərbaycan dilində çap olunsun, daha sonra ingilisdilli ölkələrdə satılsın. Rus və ingilis dillərində mütləq çap olunacaq.

- Sizin memarlıqla da bağlı kitablarınız var...

- Bəli, Bakı və Azərbaycan memarlığına aid ona yaxın kitabım var. Son on iki ildə İlham Əliyev cənablarının vaxtında hansı memarlıq abidələri tikilib, bunun haqqında da kitabım var. İndi "Bakı kinoda" albomu üzərində çalışıram. Bundan qabaq isə İçərişəhərdə çəkilən filmlər haqqında kitabım çıxıb. Sağ olsun, "Libraff", kitablarımı həm çap edir, həm də satışını həyata keçirir. Yəni mən sırf yaradıcı işlə məşğulam.

- Avropa ölkələrindəki rəngarəng binalardan bizim paytaxtımızda niyə azdır? Bizdə binaları suvayıb rəngləməyə ya vaxt, ya pul yoxdur...

- Birinci növbədə zövq yoxdur. Memar savadlı ola bilər. Amma savad hələ zövq demək deyil. Allah bizi zəngin yaradıb. Bizim rəssamların əsərlərinə baxın, bu məktəbimiz çox güclüdür. Eyni zamanda memarlarımız da var.  Problem sifarişçidədir. Sifarişçi nə memardır, nə rəssam. Vaxtilə də təhsil almayıb. Bəlkə də təhsili var, amma dünyagörüşü yoxdur. Bu adam Avropada, Asiyada olmayıb. Rəhmətlik nənəm həmişə deyərdi, insana gəzmək qalır. Mən kitab çap edəndə fikirləşirəm ki, görəsən, ingilis, fransız, ispan necə düşünür? Və bunu Azərbaycana adaptasiya edirəm. Əfsuslar olsun, sifarişçilər üçün ən möhtəşəm bina birinci katibin oturduğu bina olub. Həmin adam da uşaqlığından düşünüb ki, nə vaxtsa mən də birinci katib kimi ev tikəcəyəm. Bakının mənzərəsinə baxanda görürsən, axırıncı mərtəbəsi kəndlərdə olan tövləyə oxşayır. Hansı ki, sifarişçi gözünü açıb, onu görüb. Mənim zənnimcə, o insanlar bina tikintisi ilə məşğul olmamalıdır. Yaxud olurlarsa, ətraflarında memarlar olmalıdırlar.

- Sifarişçini anladıq, bəs peşəkar memar onun dediyi ilə razılaşırsa, onda necə olsun?

- Bakıda altı memar var ki, öz sözünü yeridə bilir. Yerdə qalanları sözünün üstündə dura bilmir. Yəni sifarişçi ilə mübahisə apara bilmir.

- İşini itirməmək üçün? 

- Onu deyə bilmərəm. Bəlkə qorxur, bəlkə diskussiya apara bilmir. Altı memar var ki, onlar öz binalarına möhürlərini vurublar. Birinci növbədə də Nəriman İmaməliyev. Mənim ən çox sevdiyim memarlardan biridir.

- Bilirəm ki, Hacı Zeynalabdin Tağıyevi çox sevirsiniz və onun heykəlinin Bakıda qoyulmasını arzu edirsiniz. Bu heykəlin harada olmasını istəyərdiniz?

- Mən Bakıda çox insanların heykəllərinin olmasını istərdim. Amma ifadəmə görə üzr istəyirəm, şəhəri qəbiristanlığa da çevirmək olmaz. Halbuki Avropa ölkələrində hər tinbaşı kiçik heykəllər var. Avropada olanda həmin heykəllərin yanında oturub kitab oxuyuram. Bu, şəhər mədəniyyətidir. Tək şəhərdə yox, rayonlarda da olsun. O ki qaldı Tağıyevin heykəlinə, bəli, çox istərdim ki, onun heykəli Kukla Teatrı ilə üzbəüz olsun. Heykəli də belə görürəm: Tağıyev hərəkət edən faytondadır, əlini qoyub faytona, şəhərə baxır. Çünki o ətrafdakı bütün tikililərdə Tağıyevin iştirakı və köməkliyi olub. Bu insan bizə şəhər salıb, biz isə ona bir heykəl də qoymuruq. Çox istərdim, gələcəkdə o heykəli ucaldaq və kim nə qədər pul veribsə, ora yazılsın.

- Buna nə ehtiyac var?