Nazir “Microsoft” şirkətinin nümayəndə heyəti ilə görüşüb


Digərləri 13 Apr 2018 11:45:00 333 0

Nazir “Microsoft” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Microsoft" şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə İdarə Heyətinin üzvü, MDB ölkələri üzrə Baş direktoru Ronald Binkofskinin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qonaqları salamlayan nazir Ramin Quluzadə bildirib ki, "Microsoft" şirkəti ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.

Nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Ramin Quluzadə son illər Azərbaycan hökuməti tərəfindən piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə də danışıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Microsoft Azərbaycan" şirkəti arasında yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması sahəsində faydalı əməkdaşlığa toxunan nazir bu əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edib.